Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələribackend

Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır;

30 illik Ermənistanın işğalçılıq siyasəti nəticəsində Cəbrayıl rayonuna məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib. Rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmışdır.

İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) mövcud olub.

Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. İşğal müddətində erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçəyerdən dağıdılmışdır.

Cəbrayıl şəhərinin şimalında Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid «Dairəvi» türbə, XVI əsrə aid 8 guşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən Cəbrayıl rayonunun işğalından əvvəl tam bərpa olunmuşdu. Əldə olunan məlumatlara görə, bu abidələr də işğalçılar tərəfindən yerlə – yeksan edilmişdi.

Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 metrə, diametri 6 metrə yaxındır. Şıxlar türbəsinin günbəzinin yuxarı hissəsi erməni silahlı qüvvələrinin işğalı zamanı dağıdılmışdı.

Erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələrimiz xalqımızın mənəvi sərvətləri sırasındadır.

Gülpəri Məmmədli Famil qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti