Birinci Dünya müharibəsi başlayan zaman səfərbərliyin elan olunması ilə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin böyük bir qismi Çar Rusiyasının və bir qismi də İngiltərə və Fransanın tərəfinə keçdilər. Erməni millətçiləri bütün imkanları ilə osmanlılara qarşı savaşa qoşuldular. Ermənilər Osmanlı dövlətinin siyasi və hərbi durumu barədə casusluq edir, Osmanlı ordusuna səfərbər olanlar isə fərarilik edərək əldə silah rus ordusuna qoşuldular. Odur ki, Osmanlı ordusuna qarşı vuruşan yeni bir cəbhə – “erməni cəbhəsi” yaranmışdı.
Lalayan yazırdı: “Daşnaksütyun rus hərbi-feodal imperializminin nökəri idi. Zəhmətkeşləri “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” və s. demaqoq şüarlarla aldadaraq 1914-1918-ci illər müharibəsi dövründə ermənilərdən “könüllü” dəstələr təşkil edir və Qafqazda çar ordusunun sırasını doldururdu”.
Onu da deməliyik ki, təkcə Türkiyə və Rusiyadakı ermənilər deyil, eyni zamanda İran, Rumıniya, İtaliya, İngiltərə və Amerikadakı ermənilər də könüllü alaylar təşkil edərək Qafqaz cəbhəsinə gəlmişdilər.
1914-cü ilin avqustunda ermənilər ingilislərin İsgəndəruna çıxacağı halda, Adana, Maraş işğal olunana qədər üsyanlar qaldırmaqla səfərbərliyə maneçilik törədilməsi, ingilislərin əməliyyatlarının müdafiə olunması yolunu tutmuşdular.
Amerika müəllifi Semyuilin yazdığına görə, “ermənilər Van, Bitlis, Qarahisar, Sivas, Kayseri və Diyarbəkir ərazilərinə silah gətirir və onları öz kilsə və məktəblərində gizlədirlər”.
Bəs bu 24 aprel tarixi – qondarma “erməni soyqrımı” günü haradan qaynaqlanır? Bunu erməni müəllifi Akop Keşişyan belə qiymətləndirir: “Yunanlıların qızışdırması ilə 24 aprel tarixinin erməni qətliam günü olaraq Beyrutdakı Ortodoks kilsəsi tərəfindən elan edilməsi hamımızı üzüntüyə qərq etdi. Hələ dünən deyiləcək qədər yaxın bir tarixdə Türkiyənin xarici işlər naziri Qabril Noradukyan deyildimi? İmperatorluq zamanında maliyyə və xəzinə naziri Akop Paşa deyilmi? İctimai işlər naziri Hallacyan deyildimi?” və s. Bir sözlə, erməni xəyanətkarlığı dünya savaşı zamanı yaşadıqları ölkəni – Türkiyəni məğlub etməyə uğursuz bir cəhd kimi qiymətləndirilməlidir.
Onu da deyək ki, ermənipərəst qüvvələr həmin hadisələrdən bir vasitə kimi bu gün də faydalanmağa çalışırlar. Əslində isə o vaxt Türkiyədə öldürüldüyü iddia edilən qədər erməni yaşamırdı. Bu rəqəmin erməni tarixçilərinin bir qismi 600 min, bir qismi isə 1 milyon olduğunu desələr də, rus mənbələri bunun yalan olduğunu bilə-bilə bu rəqəmin 2 milyon olduğunu yazırlar. Bəs 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Salyanda və Lənkəranda on minlərlə azərbaycanlının soyqrımına məruz qaldığı barədə tarixi faktları nə üçün görmürlər? Elə erməni və rus yazarlarının 1915-ci il “erməni soyqrımı” ilə əlaqədar gətirdikləri rəqəmlərin müxtəlifliyi bu hadisənin uydurma olduğuna əyani sübutdur.
Elə götürək, 1918-ci ilin martında Bakıda azərbaycanlıların qırğını nəticəsində 15 min dinc əhalinin məhv edilməsini. Yaxud Quba qəzasında ermənilərin 172 kəndi yandırıb külə çevirmələri, həmin qətliamın nəticəsi olaraq 300 nəfərdən çox insanın cəsədlərinin aşkar edilməsi erməni vəhşiliyinə sübut deyilmi? Şamaxı qəzasında 72 kəndi də viran qoyan ermənilər deyildirmi? Həmin vaxt Zəngəzur mahalında 165 kənd viran edilərək əhalisi qılıncdan keçirilmişdi. Ən dəhşətlisi o idi ki, ermənilər S.Şaumyanın dediyi kimi, Azərbaycan türkünə qarşı bütün cəbhə boyu hücuma keçmişdilər. Erməni qaniçənləri elə həmin vaxt Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Salmas və digər bölgələrində 150 min dinc əhalini qılıncdan keçirmişdilər.
Onu da demək lazımdır ki, saxta “erməni soyqırımı” barədə ermənilərin dünyada qopardığı hay-həşirlərin tamamilə cəfəng bir xülya olduğuna vicdanlı insanlarda heç bir şübhə yeri qalmır.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Politoloq, filologiya elmləri doktoru Vüqar Zifəroğlu bildirib ki, nə tarixi həqiqətlər, nə o dövrün tarixi sənədləri belə bir halın yaşanmasını təsdiq etmir.
“1915-ci ildə Anadoluda yaşananlar ayrı-ayrı qüvvələrin bölgə uğrunda apardıqları acımasız mübarizənin nəticələrindən biri idi. Bu yaşananlara müxtəlif rakursdan baxmaq olar və bu təbiidir. Amma əsla baş verənləri ermənilərin soyqırıma məruz qalması kimi qiymətləndirmək olmaz. Nə tarixi həqiqətlər, nə o dövrün tarixi sənədləri belə bir halın yaşanmasını təsdiq etmir. Əksinə həmin illərdən başlayaraq soyqırıma məruz qalan xalq, özü də böyük coğrafi arealda – Anadoludan, Qafqaza, Güney Azərbaycana qədər böyük ərazidə – məhz türklər oldu. Amma nə olsun ki, bu tarixi həqiqətlər hələ də obyektiv qiymətini almır, əksinə 1965-ci ildən bu günədək uydurulmuş bir soyqırım nağılını həvəslə təkrarlamaqda davam edirlər”.
V.Zifəroğlu hesab edir ki, 24 aprel – bölgədə marağı olan qüvvələrin geosiyasi hədəfləri doğrultusunda türk faktoruna qarşı istifadə etdikləri bir təzyiq alətidir.
“Ermənilərin və erməni lobbisinin hədəfi isə “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir: “Soyqırım”ın dünyada tanınması; Türkiyənin “soyqırım”ı tanıması; Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. I Dünya Müharibəsini fürsət bilən ermenilərin Anadolu və Qafqazın dörd bir yanını qan çanağına döndərmələri, işğalçı qüvvələrlə işbirliyinə gedərək Osmanlını arxadan xaincəsinə vurmaları təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaratmışdı. Beləliklə Daxili İşlər İdarəsi 1915-ci il aprelin 24-də məşhur gənəlgəsini 14 əyalət və 10 quberniyaya göndərir. Bu qərara görə Hınçak, daşnak və bu kimi erməni terror komitələrinin bağlanması, sənədlərinin müsadirə olunması, zərərli fəaliyyətləri ilə tanınan başçıların və ermənilərin həbs edilməsi, olduqları yerdə qalmaları zərərli sayılanların isə müvafiq yerlərdə toplanması tapşırılır. Bu sənəddə həssaslıqla vurğulanan başqa bir məsələ də Bitlis, Ərzurum, Sivas, Adana, Maraş kimi vilayətlərdə müsəlmanlarla ermənilər arasında qarşılıqlı qarşıdurmaya yol verilməməsi məsələsinin vurğulanmasıdır. Ermənilərin hər il dünyanın bir çox ölkələrində “soyqırım günü” kimi qeyd etdikləri 24 aprel Daxili İşlər Nazirliyinin bu qərarının dərc olunduğu tarixdir və heçbir soyqırımdan söhbət belə gedə bilməz”,- deyə o qeyd edib.
Fərahim Rəhimov