Ermənistan kənardan verilən sifarişlər və təlimatlar fonunda sülhdən mümkün qədər yayınmağa çalışır – Deputatbackend

II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal anti-terror tədbirləri nəticəsində isə ölkəmiz öz ərazisi üzərində konstitusiya quruluşunu bərqərar etməyə nail oldu. Bununla da Azərbaycanın beynəlxalq birlik və hüquq tərəfindən tanınan ərazi bütövlüyü, suverenliyi təmin edildi.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycan qalib tərəf olmasına baxmayaraq Ermənistana beynəlxalq hüquqa əsaslanan beş baza prinsipinə uyğun sülh konsepsiyası təklif edib: “Uzun on illiklər Azərbaycan xalqına qarşı etnik təmizləmə soyqırım, həyata keçirən, ərazilərimizdə vandallıq, barbarlıq edən bir ölkəyə Azərbaycanın sülh təklifləri ən yüksək hümanizm göstəricisi idi. Amma çox təəsüf ki, qarşı tərəf hələ də bu sülh təşəbbüsünü doğru-düzgün analiz edib, onu qəbul edə bilmir. Təbii ki, hər zaman başqalarının əlində alət olan Ermənistan bu dəfə də kənardan verilən sifarişlər və təlimatlar fonunda sülhdən mümkün qədər yayınmağa çalışır. Məhz son vaxtlar Ermənistan tərəfinin sülh prosesini pozan təxribatlarını davam etdirməsi də bundan qaynaqlanır”.

Millət vəkili hesab edir ki, Londonda məlum mötəbər görüşdə cənab Prezident İlham Əliyevlə dialoqdan yayınan Ermənistanın baş naziri Nikol Paşinyan əslində sülh müzakirələrini pozmaqda nə dərəcədə maraqlı olduğunu nümayiş etdirdi: “Fakt odur ki, Paşinyan Fransa prezidenti Emmanuel Makronun və erməni lobbisinin diktəsi ilə artıq hansı addımı atacağını yəqin edə bilmir. Bu isə nəticədə onların özlərinə ziyan olacaq. Cənubi Qafqazda sülhün bərqərar edilməsi hər kəs üçün faydalıdır. Özünün dağıdıcı mahiyyətindən uzaqlaşa bilməyən Ermənistan hələ də köhnə ab-havadadır. Ermənistanın məhz son dövrlər Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi onların növbəti məkirli niyyətini göstərir”.

Deputat bildirib ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil: “Formalaşmaqda olan sülh prosesini pozmaq üçün erməni tərəfi davamlı olaraq belə təxribat xarakterli addımlar atır. ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir. Sözsüz ki, qalib Azərbaycan Ordusu erməni tərəfinin bu kimi təxribatlarına hər zaman olduğu kimi ən sərt şəkildə adekvat cavab verir. Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi də qarşı tərəfə xəbərdarlıq edib. Ona görə də, Ermənistan tərəfi atacağı addımın özü üçün hansı nəticələrlə bitəcəyini çətin də olsa dərk etməlidir”.