Soydaşlarımız XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib. Deportasiyalar zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalan soydaşlarımız öz doğma yurdlarını tərk etməyə məcbur olublar.
İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova söyləyib.
Deputatın sözlərinə görə, 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı mədəni irsimiz də soyqırımına məruz qalıb: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinq edilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə icazə verməlidir”.
S.Salmanova Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransın əhəmiyyətindən də söz açıb: “Hesab edirəm ki, 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdış hüququnun təmin edilməsi üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır”.
Parlamentari onu da bildirib ki, hazırda qarşıda duran ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır: “Əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tarixi torpağımız olan Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağımız gün uzaqda deyil. Ermənistan ona qarşı ərazi iddiamızın olmadığını başa düşməlidir. Biz, sadəcə, Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik”.