“Artıq Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) və Paris Sazişinin 6-cı maddəsi – karbon bazarları üzrə danışıqlar başlayıb. Bu sazişi yerə-göyə sığdırmayan, sanki öz uğuruymuş kimi daim dilə gətirən Makron indi hardadır bəs? Sənədin hələ də cavabını tapmayan vacib sualları indi Bakıda həll olunur. Ermənistan Paris Sazişinin və Konvensiyaya tərəf ölkə kimi COP29-a gələ bilərdi, danışıqlarda öz mövqeyini irəli sürüb dünya birliyi ilə həmrəylik nümayiş etdirə bilərdi və ətraf mühitin qorunması üzrə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini siyasi maraqlarını kənara qoyub nümayiş etdirə bilərdi”.
Bunu açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat əlavə edib ki, lakin Ermənistan yenə də qeyri-konstruktiv addımlar ataraq, Azərbaycanı COP29 öncəsi yarımçıq sülh müqaviləsi bağlamağa təşviq etmək üzrə uğursuz cəhdlər etdi: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi üzrə BMT ilə bağladığı “Host country agreement”də sülh müqaviləsi tələbi var? Ya hansısa məhbusu azadlığa buraxmaq tələbi? Bunların əlbəttə ki, mövzuya heç bir aidiyyatı yoxdur. Sülh müqaviləsi yalnız bütün müddəaların və şərtlərin qarşılıqlı razılaşdırılması əsasında imzalana bilər. Məhbuslar isə Azərbaycan Respublikasının qanunlarının tələblərinin ciddi şəkildə pozulması səbəbiylə məhkum ediliblər. Ev sahibliyi üzrə Müqavilənin mətnində məkanın ayrılması, kommunal, nəqliyyat, qeydiyyat, yemək və s. kimi logistik şərtlər yer alır. Ermənistan və havadarları nə qədər cəhd etsələr də, öz niyyətlərinə nail ola bilmədilər. COP29 bütün dünya gündəmini zəbt edib. Cənab Prezident dediyi kimi, dünya Azərbaycana toplaşıb”.