Ermənistan və havadarları revanşizmlə Cənubi Qafqazda reallığın dəyişəcəyinə ümid edirlərbackend

2024-cü il başa çatmaq üzrədir. Amma hələ də Ermənistan sülh istiqamətində konstruktiv addım atmayıb. Bu ölkə sülh müqaviləsini imzalamaq əvəzinə yeni müharibəyə hazırlaşır. Son vaxtlar İrəvanda revanşizm əhvali-ruhiyyəsi xüsusilə artıb. Fransanın təhriki ilə silahlanan Ermənistan bu yolla 4 ildən çoxdur regionda yaranmış yeni reallığı dəyişəcəyinə ümid edir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, ölkəsində Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür. Vəziyyəti öz xeyrinə dəyişməyə çalışan N.Paşinyan hərbi əməliyyatlar hesabına uğur qazanacağını zənn edir. Bununla yanaşı, Ukrayna cəbhəsində əli boşa çıxan Fransa və Avropa İttifaqı (Aİ) yeni münaqişə ocağı yaratmaqla Rusiyanın diqqətini yayındırmağa çalışır. Bir sözlə, Qərb yenidən Cənubi Qafqazda ikinci cəbhə açmaq planını davam etdirir və bu yolda alət kimi Ermənistandan istifadə edir.

“Mülki missiya” adı altında şərti sərhəddə kəşfiyyat məlumatları toplayan Aİ missiyasının pozucu fəaliyyəti, Fransanın, Hindistanın Ermənistana silah verməsi, Yunanıstanın S-300 zenit-raket komplekslərini Ermənistana vermək niyyəti Cənubi Qafqazla bağlı məkrli planın tərkib hissəsidir.

Məhz bu səbəbdən dayanıqlı sülh və təhlükəsizlik istiqamətində yekun nəticə əldə etmək mümkün olmayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, “Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın”.

Rəsmi Bakı isə bütün təhdidlərə adekvat cavab verməyə hazırdır. Prezident İlham Əliyev də bəyan edib ki, belə bəsit metodologiya işləməyəcək: “Əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin”. Ermənistan və onun havadarları bu xəbərdarlıqdan nəticə çıxarmalıdır”, – deyə deputat vurğulayıb.