“Ermənistanı həvəsləndirən Fransa və İran kimi dövlətlərdir” – Tahir Kərimlibackend

Ermənistan silahlı qüvvələrinin Gorus istiqamətindən Azərbaycanın Laçın istiqamətinə geniş miqyaslı təxribatı ciddi hadisədir. Minaatan və iriçaplı silahlardan atəş açılıb. Üç şəhidimiz var. Yaralılarımız var. Qarşı tərəf susdurularaq xeyli tələfata uğrayıb.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Millət vəkili açıqlayıb ki, Azərbaycan tərəfi gözləyir ki, Avropa İttifaqı Şurasının rəhbəri öz münasibətini bildirsin və erməni təxribatını siyasi cəhətdən qiymətləndirsin.

“Bütün bunlar nədən irəli gəlir? Azərbaycan Respublikasının Prezidenti Astanada bəyanat verdi. Sülh danışıqları çox sürətlə irəliləməkdədir. ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda iki lider arasında yüksək səviyyəli görüşün keçirilməsi nəzərdə tutulub. Avropa İttifaqı səylərini artırır. Belə bir vəziyyətdə Ermənistan təxribata əl atır. Sülh danışıqlarını pozmaq istəyir. İndi onların təqsiri Azərbaycan üzərində qoymağa əllərində arqumenti yoxdur. Azərbaycan tərəfi gözləyir ki, Avropa İttifaqı Şurasının rəhbəri öz münasibətini bildirsin və erməni təxribatını siyasi cəhətdən qiymətləndirsin. Güman edirəm ki, Ermənistanı həvəsləndirən Fransa və İran kimi dövlətlərdir. Bu ölkələr sülhü istəmir. Təssüf ki, Ermənistan oyuncaq mahiyyətini dəyişmir. Kimlərinsə əlində daim maşa olur. Cırtdan dövlət olmasına baxmayaraq, böyük ölkələrin və diaspor təşkilatlarının təriki ilə özlərinin ağılsız iddialarından əl çəkmirlər.  Azərbaycan tərəfi daim vətəni müdafiə etməyə hazırdır. Düşmənə cavab verəcək. Əgər Ermənistan ağıllanmasa onun özünə böyük ziyan gətirəcək”,-deyə o qeyd edib.

Fərahim Rəhimov