Ermənistanın revanşist qüvvələrinin Azərbaycana qarşı apardığı təxribatlara rəğmən ölkəmiz öz humanist siyasətini davam etdirir – Deputatbackend

Bir neçə gün əvvəl daha bir əlamətdar hadisə yaşandı. Ermənistanın, onun havadarlarının, separatçıların var qüvvə ilə etiraz etmələrinə baxmayaraq, Azərbaycan öz istəyinə çatdı.

Belə ki, Rusiyanın Qızıl Xaç Cəmiyyətinin yük maşınının məhz Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağdakı erməniəsilli sakinlərinə göndərilmiş ərzaq və qeyri-ərzaq məhsullarının çatdırılması təmin edildi. Bu, Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının Zəfərdən sonra növbəti uğurudur.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, yardımın Ağdam-Xankəndi yolu ilə erməniəsilli sakinlərə çatdırılması Azərbaycanın regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin tərəfdarı olduğunu bir daha göstərib: “Azərbaycan məhz Zəfərdən sonra irəli sürdüyü beş prinsipli sülh konsepsiyasını təşviq edir. Beynəlxalq aləm bir daha onu gördü ki, Ermənistanın revanşist qüvvələrinin Azərbaycana qarşı apardığı təxribatlara rəğmən ölkəmiz öz humanist siyasətini davam etdirir. Bununla da istər Ermənistan hakimiyyətinin, istər erməni lobbisinin, istərsə də Qarabağdakı separatçı qüvvələrin yaratdığı ərzaq “böhranı” şousu digər saxtakarlıqları kimi ifşa olundu. Azərbaycana qarşı olan bütün qüvvələr dövlətimizin regionda lider və əsas söz sahibi olduğunu qəbul etmək məcburiyyətində qaldılar. Ümumiyyətlə, Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra beynəlxalq hüququn normalarını pozmadan regionda diktə edən ölkəyə çevrilib”.