Ermənistanın siyasi spekulyasiyası – Elşad Mirbəşiroğlu ŞƏRH EDİRbackend

İrəvan Qarabağın erməniəsilli sakinlərindən, sadəcə, çirkab alət kimi istifadə etməyə çalışır

Azərbaycan bu ilin aprelində Laçın-Xankəndi yolundan qanunsuz daşımaların qarşısının alınması üçün beynəlxalq hüquqa əsaslanaraq öz ərazisində sərhəd-keçid məntəqəsi qurduqdan sonra Ermənistan bununla bağlı müxtəlif yalan və əsassız məlumatlar yayır. Məqsəd beynəlxalq aləmin diqqətini cəlb etməkdir.
Dörd aya yaxındır ki, rəsmi İrəvan müxtəlif beynəlxalq instansiyalara, təşkilatlara müraciət edərək Azərbaycanın  Laçın yolunu blokadada saxlaması ilə bağlı iddialar irəli sürür. Bununla bağlı Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə dəfələrlə müraciət etsə də, məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlar və gətirdiyi arqumentlərlə tam razılaşaraq onların vəsatətini yekdilliklə rədd edib.
Əslində, bu müddət ərzində Laçın sərhəd-keçid məntəqəsindən erməni sakinlərin gediş-gəlişinə və humanitar yüklərin daşınmasına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb. Bununla belə ötən müddətdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri də aşkarlanıb.
Azərbaycan dövləti erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, ermənilər israrla bununla razılaşmır və növbəti təxribatlara cəhd edirlər. Belə ki, Ermənistan Azərbaycanın icazəsi olmadan humanitar ad altında yük maşınlarını sərhəd məntəqəsinə yığıb. Həm də bu təxribatlarda ermənilərin Avropadakı havadarları əsas vasitəçi olublar. Bunu iyulun 27-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddianın yer aldığı bəyanatdan da aydın görmək mümkündür.
Bunun cavabında Azərbaycan XİN bəyan edib ki, ölkəmizin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və səlahiyyəti mövcuddur. Bütün səylərə baxmayaraq, Ermənistan tərəfi yenə təxribat törətməkdən əl çəkməyib, sərhəd-buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb.
Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.
“Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq”, – deyə XİN-in məlumatında qeyd olunub.
Məsələ ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

Ermənistan separatizmin ayaqda qalması üçün çalışır

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Ermənistanın Laçın-Xankəndi  yolundan istifadədə israrlı olması bir əsas məqsədə xidmət edir ki, bu da Azərbaycana qarşı təxribatlar törədilməsidir.
Ermənistan və onun Avropadakı havadarları, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi hər vasitə ilə Azərbaycanın Laçın yolunda hərəkəti məhdudlaşdıraraq bununla dünyaya yolun “blokada”da olmasını göstərməyə çalışırdılar: “Çünki bu yol vasitəsilə Ermənistan separatçılara silah-sursat daşıyır, Azərbaycan ərazisində separatizmi ayaqda saxlayırdılar. Ona görə də Azərbaycan bu yolda müəyyən məhdudiyyətlər tətbiq etdi. Bildiyimiz kimi, məntəqədə humanitar məqsədlər üçün istifadəyə imkanlar yaradılıb. Qaldı ki, Laçın nəzarət-buraxılış məntəqəsinin qurulmasına, bu, Azərbaycanın haqqıdır”.
Deputat bildirib ki, ermənilər Azərbaycanda separatizmin ayaqda qalması üçün Laçın yolundan istifadənin sərbəst olmasını israr edirlər. Ermənistan bunun üzərindən siyasi spekulyasiya və şantajlar edir. Məqsəd Azərbaycana qarşı qərəzli siyasi mövqe formalaşdırmaqdan ibarətdir. Yük maşınlarının Azərbaycanın icazəsi olmadan sərhədə gəlməsi də əvvəlcədən düşünülmüş, iştirakçılar arasında Avropa qeyri-siyasi dairələrinin, təşkilatların yer aldığı planlaşdırılmış təxribatdır. Onlar dünyaya göstərmək istəyirlər ki, Azərbaycan ermənilərin yaşadığı ərazilərdə guya humanitar böhrana səbəb olacaq addımlar atır. Məqsəd də bundan sonrakı mərhələdə Azərbaycana qarşı mövqelərin formalaşdırılmasına və yaxud təzyiqlərin göstərilməsinə nail olmaqdır. Məsələnin digər tərəfi odur ki, Paşinyan Azərbaycan – Ermənistan arasında sülh sazişinin imzalanmasına maneə törətmək istəyir. Bir tərəfdən intensiv olaraq sülhə hazır olduğunu bildirir, digər tərəfdən də təxribatlar törədilməsinə nail olaraq sülhdən yayınır. Yəni Azərbaycan ərazisində yaşayan ermənilərin guya ağır vəziyyəti barədə məsələni Ermənistan və havadarları şantaj alətinə çeviriblər.
Deputat deyib ki, Paşinyan bununla özünün siyasi karyerasını qurmağa çalışır: “Hakimiyyətdən gedəcəyini dərk edən Paşinyan heç olmazsa, hansısa bir məsələni aktual saxlamağa çalışır. Yəni Paşinyanın hakimiyyətdəki ömrü Azərbaycanla Ermənistan arasında indiki şərtlər daxilində sülh sazişinin imzalanacağı vaxta qədər olacaq. Çünki 2020-ci ildən sonra Ermənistanda sosial-iqtisadi böhranla yanaşı, həm də siyasi böhran yaşanır. Ötən üç il ərzində Paşinyan hakimiyyətinə qarşı ciddi təhdidlərin mövcudluğu şəraitində Ermənistanı idarə edir. Artıq Ermənistanın işğalçılıq siyasətinin siyasi hakimiyyətə necə ağır başa gəldiyini müşahidə edirik. Bu, ermənilər üçün dərs olmalıdır”.
E.Mirbəşiroğlu vurğulayıb ki,  bu gün Azərbaycan ərazilərində yaşayan ermənilər üzərindən spekulyasiyalar həyata keçirilir. Ərazilərimizdə yaşayan ermənilərin vəziyyətini əsas müzakirə predmetinə çevirməyə çalışırlar ki, sülh müqaviləsinin imzalanması prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınsın. İkinci məqam odur ki, Paşinyanı  Qərbdə dəstəkləyən siyasi dairələr də bütün fürsətlərdən istifadə edərək təsir imkanlarını təmin etməyə çalışırlar. Məsələn, Makron da, Şarl Mişel də Azərbaycan ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliklərini beynəlxalq mexanizmlərin tətbiqi ilə təmin olunması fikirlərini səsləndiriblər. Paşinyan da eyni mövqedən çıxış edir. Göründüyü kimi, burada düşünülmüş təxribat planı var.
Deputat planın içində Avropanın yer almasından təəssüflənərək qeyd edib ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun Laçın yoluna alternativ olmadığını bildirib. Təbii ki, bu, tamamilə əsassız yanaşmadır, həm də onu göstərir ki, C.Borrell də Ermənistan vasitəsilə Azərbaycan ərazisində separatizmin mövcudluğunda maraqlıdır. Bu mövqeyi yalnız ona aid etmək doğru olmaz, bunu bütövlükdə Avropanın yanaşması kimi qəbul etmək lazımdır. Bir çox hallarda nədənsə Fransanı Avropa İttifaqından kənarda qəbul edirik, sanki Aİ-nin mövqeyi onun mövqeyi deyildi.