Bəşər Əsədin dövründə suriyalılar narkotik istifadəsi iddiasına görə sərt repressiyalarla, uzun həbs cəzaları və dəhşətli işgəncələrlə üzləşiblər.
Bununla belə, sadə vətəndaşlar əziyyət çəkdiyi halda, Əsəd özü Captagon adlı narkotik maddənin qanunsuz dövriyyəsindən külli miqdarda pul qazanıb.
Suriyada geniş şəkildə “cihad dərmanı” və “kasıbın kokaini” kimi tanınan captagon ilk olaraq 1961-ci ildə bir Almaniya əczaçılıq şirkəti tərəfindən diqqət çatışmazlığı pozğunluğu, depressiya və narkolepsiya müalicəsi üçün hazırlanıb. 1986-cı ildə captagon, BMT tərəfindən II narkotik siyahısına salındıqdan sonra demək olar ki, bütün dünyada qadağan edilib.
Bununla belə, narkomanlar tez başa düşüblər ki, captagon enerji artımı əldə etmək, performansını artırmaq və bəzən eyforiya hiss etmək üçün ucuz və sürətli bir yoldur. Bu, onu müxtəlif insanların – gecə həyatı həvəskarlarından tutmuş tikinti işçilərinin və hətta İŞİD terrorçularının da tələbatı olub.
Bu, Bəşər Əsədə Meksika narkotik kartellərinin qazancından daha çox pul gətirən captagonun qanunsuz ticarətindən yaxşı pul qazanmaq imkanı verib. /Lent.az