Etnik təmizləmə siyasəti Ermənistan dövlətinin mahiyyətini təşkil edir – Məlahət İbrahimqızıbackend

Qərbi Azərbaycanda azərbaycanlılara qarşı etnik təmizləməni həyata keçirən Ermənistan olub. Hətta hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha sübut etmiş olur.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, vaxtilə Azərbaycan SSRİ-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyi bu günlərdə Levon Ter-Petrosyan tərəfindən etiraf edilib: “Amma bütün faktlar ortada olduğu halda erməni tərəfi Azərbaycana qarşı absurd iddialar irəli sürür. Görünən isə odur ki, Ermənistanın Xarici İşlər Nazirliyi də öz sələflərinin təcrübəsini davam etdirir. Azərbaycanın Xarici İşlər Nazirliyi haqlı olaraq Ermənistan tərəfinin yalan informasiyalar əsasında yaydığı iddiaları qətiyyətlə pisləyib. Guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatlar həqiqətdən tamamilə uzaqdır”.

Millət vəkili bildirib ki, etnik təmizləmə, soyqırımı və kütləvi qırğın siyasəti Ermənistana məxsusdur: “XX əsrin əvvəllərindən 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar bunun bariz nümunəsidir. Eyni zamanda 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edən də Ermənistan və ermənilər olub. Eyni zamanda tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı soyqırımı yaddan çıxmayıb. 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozan və ərazilərimizin 20 faizini işğaldan saxlayan Ermənistan tarixi həqiqətləri inkar etmək əvəzinə sülh prosesinə diqqət ayırsa daha yaxşı olardı”.