Bu günlərdə sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, bu qəbiristanlıqlardan 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilməkdədir: “600 qəbiristanlıqdan cəmi ikisi – Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır, vəssalam! Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi 2-i! Hazırda 3 qəbiristanlıq üzərində iş gedir: Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Basarkeçər rayonunun 4 kəndində – Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Biz bu arayışları həmin 600 qəbiristanlığın hər biri haqqında, həm də bu gün ermənilərə havadarlıq edən ölkələrin özlərinin 1988-ci ildən əvvəlki və sonrakı dövrlərə aid peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlamışıq. Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir və bunda təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır”.