“Facebook”da daha çox pul xərcləyən deputatlığa namizədlər onlardır – ADLARbackend

Sentyabr ayının 1-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak edən namizədlərdən bəziləri “Facebook” sosial şəbəkəsindəki səhifələrində paylaşılan məlumatların daha çox şəbəkə istifadəçisi tərəfindən görülməsi üçün “Meta” şirkətinin ödənişli xidmətindən istifadə edir.
Yeniavaz.com “Meta” şirkətinin son bir ayı – 26 iyul-24 avqust tarixlərini əhatə edən hesabatına istinadən “Facebook”da ən çox pul xərcləyən 3 namizədi təqdim edir:
Bu müddət ərzində “Facebook”da ən çox pul xərcləyən 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd Şəbnəm Səfərova olub.

“Facebook”da daha çox pul xərcləyən deputatlığa namizədlər onlardır

Şəbnəm Səfərova ona məxsus olan “Şəbnəm Səfərovanın Seçki Qərargahı” adlı səhifədə paylaşılan 42 məlumatın daha çox şəbəkə istifadəçisi tərəfindən görülməsi üçün 440 dollar (748 manat) xərcləyib.
“Şəbnəm Səfərovanın Seçki Qərargahı” adlı səhifə bu ilin avqust ayının 10-da açılıb və hazırda (28.08.2024) bu səhifənin 519 izləyicisi var.
2023-cü ilin mart ayından etibarən BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri olan Şəbnəm Səfərova “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədridir.
Şəbnəm Səfərova Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.
“Facebook”da ən çox pul xərcləyən 2-ci namizəd 59 saylı Quba seçki dairəsindən seçilmək istəyən Fərhad Səttarovdur. Fərhad Səttarov ona məxsus olan “Fərhad Səttarov” adlı səhifədə paylaşılan 10 məlumatın daha çox şəbəkə istifadəçisi tərəfindən görülməsi üçün 318 dollar (541 manat) xərcləyib.

“Facebook”da daha çox pul xərcləyən deputatlığa namizədlər onlardır

“Fərhad Səttarov” adlı səhifə bu ilin avqust ayının 8-də açılıb və bu səhifənin 170 izləyicisi var. Fərhad Səttarov 2008-ci ildə tanınmış iş adamı İskəndər Xəlilova məxsus olan “ISR Holdinq”də işləyir. O, “ISR Management” MMC-nin hüquqi məsələlər üzrə direktoru və “Hilton Hotel Baku”nun sahibi olan “ISR Kapital Investments MMC”nin direktorudur.
“Facebook”da ən çox pul xərcləyən 3-cü namizəd isə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsindən parlamentə düşmək istəyən Nigar Ələsgərovadır. Nigar Ələsgərova ona məxsus olan “Nigar Alasgarova” adlı səhifədə paylaşılan 22 məlumatın daha çox şəbəkə istifadəçisi tərəfindən görülməsi üçün 200 dollar (340 manat) xərcləyib.

“Facebook”da daha çox pul xərcləyən deputatlığa namizədlər onlardır

“Nigar Alasgarova” adlı səhifə (profil) 25 avqust 2012-ci ildə açılıb və bu səhifənin 9,7 min izləyicisi var.
Nigar Ələsgərova 2014-2022-ci illərdə Gəncə şəhəri YAP Qadınlar Şurasının sədr müavini olub. Ələsgərova eyni zamanda “Odlar Yurdu” Gənclər İctimai Birliyininin sədri vəzifəsini icra edib. Hazırda isə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədridir.