“Facebook”a yenilik gəlirbackend

“Facebook”un yaradıcısı Mark Sukerberq istifadəçilərin xəbər lentlərinin quruluşunda dəyişikliklərin olacağını elan edib.

“Yenigundem” Technote-yə istinadən xəbər verir ki, bu dəyişikliklər sayəsində xəbər lenti daha özəl olacaq və digər şirkətlərin xəbər, video və s. kimi paylaşımları məhdudlaşdırılacaq:

“İlk dəyişikliklər xəbər lentinə təsir edəcək. Siz istifadəçilər öz dostlarınız, ailə üzvləriniz və qruplarınız barədə daha çox məlumat əldə edəcəksiniz. Bunu ön plana çəkdiyimiz üçün siz brendlərin, KİV-lərin və şirkətlərin ictimai kontentləri az görəcəksiniz”, – deyə Mark bildirib.

O qeyd edib ki, istifadəçilər öz yaxınlarının postlarını görməyə imkan verməyən çoxlu sayda kontentlərin ön plana keçməsindən şikayətlənirlər. O güman edib ki, sosial şəbəkədə sürətlə yayılan hansısa kontent istifadəçilərin öz yaxınları barəsində məlumatları arxa plana çəkir:

“Yeni dəyişikliklər nəticəsində ola bilər ki, insanlar “Facebook”da daha az vaxt keçirtsinlər. Lakin onun üçün ən əsas olan bu az keçirilmiş vaxtın daha dəyərli olmasıdır. Yeni dəyişikliklərin inteqrasiyası üçün bir neçə ay lazımdır”.