Fatma Yıldırım aztəminatlı ailələrlə bağlı təklif verdibackend

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi davam edib.

”Yeni Gundem” xəbər verir ki, büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Fatma Yıldırım çıxış edib.
 Deputatın çxışını təqdim edirik:
Müzakirə etdiyimiz Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi ölkəmizin dinamik inkişafının göstəricisidir. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin qarşısına qoyduğu ən önəmli məqsədlərdən biridir.
Ümumiyyətlə, davamlı inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Bütövlükdə, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir.
Bütün bu amillər 2025-ci ilin dövlət büdcəsində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapır. 2025-ci ildə əhalinin əmək haqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulması da bu baxımdan xüsusi vurğulanmalıdır. O cümlədən, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur.
Hörmətli həmkarlar,
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas qayəsini ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial müdafiə sistemi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni sosial layihələrin həyata keçirilməsi də çox təqdirəlayiqdir.
Mən hökumət üzvlərinin iclasda iştirak etməsindən istifadə edərək bir təklifimi səsləndirmək istəyirəm. Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı və həssas kateqoriyaya aid ailələrin bu xərci qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var. Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı demoqrafiq vəziyyətimizə də müsbət təsir göstərə bilər.
Mən çıxışımın sonunda qanun layihəsinə səs verəcəyimi bildirir, həmkarlarımı da səs verməyə çağırıram.