Hazırda Rusiyada yaşayan tanınmış müğənni Fədayə Laçın yeni duet ortağı ilə oxuduğu yeni mahnısına klip çəkdirib.
“Yeni Gündəm” bildirir ki, “Dostum” adlı mahnısını müğənnini illər sonra yeni duet ortağı olan Pərvin Səfərovla birgə ifa edib.
Açıqlamasında Pərvin Səfərov qeyd edib ki, duetlə bağlı ilk təklif ondan gəlib:
“Fədayə xanımla bir müddət əvvəl Rusiyanın Moskva şəhərində keçirilən bir tədbirdə qarşılaşdıq. Elə həmin vaxtdan aramızda yaxın dostluq münasibəti yarandı. Birgə duet oxumaq təklifi də məndən gəldi. Düşündüm ki, Fədayə xanım uzun müddətdir ki, nə yeni mahnı, nə də duet təqdim etməyib. Bu baxımdan sözləri və musiqisi Vüsal İbrahimova məxsus “Dostum” mahnısına müraciət etdik. Düşünürəm ki, səsimiz də uyğun gəldiyi üçün yeni duet ifamız dinləyicilərimiz üçün maraqlı olacaq”.
Pərvin Səfərov Fədayə Laçınla birgə duet ortaqlığını bundan sonra da davam etdirəcəklərini bildirib.