Dünən müğənni Fədayə Laçının məhkəməsi növbəti dəfə təxirə salındı. Bununla artıq 9-cu dəfədir ki, müğənninin məhkəmədə işinə baxılmır. Məsələ ilə əlaqədar Fədayə Laçının vəkili Nurəngiz Qarayeva ilə əlaqə saxladıq. Vəkil Lent.az -a açıqlamasında bildirdi ki, məhkəmədə işlərin çox olması müğənninin işinin təxirə salınmasına gətirib çıxarır:
“Dünən bir daha Fədayə xanımın məhkəməsi təxirə salındı. Məhkəmə müğənninin işinə sentyabrın 16-ı baxacaq. Səbəblərə gəldikdə isə, orada təqsirləndirən şəxslərin sayı çoxdur. Bəzilərinin vəkilləri gəlmirdi. Sonra da “Gəncə işi” ilə toqquşdu. Onları da xüsusi mühafizə il gətirirlər. Əməkdaşların sayı az olduğu üçün istəyirdilər ki, “Gəncə işi”ni bitirib sonra Fədayə xanımın məhkəməsinə baxsınlar. Əlavə heç bir problem yoxdur. Məhkəmənin qaydaları belədir. Sadəcə olaraq “Gəncə işi” ilə üst-üstə düşüb. Ya onları gətirməli idilər, ya bunu. Artıq o da yekunlaşdı inşallah ki, ayın 16-ı bizim məhkəməmiz də yekunlaşacaq. Həm də ki, məhkəmədə çox çıxışlar olub. İnanıram ki, sentyabrın 16-ı yekunlaşacaq. Müğənninin səhhətində heç bir problem yoxdur, tam normaldır”.
Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də “Qoca” ləqəbli Etibar Məmmədovun türmədən qaçmasına kömək etdiyi üçün saxlanılıb. Onun barəsində 304.2.1 (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.