“FHN-də günah yoxdur!” – “Sabah bir hadisə baş verərsə…”backend

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakıda binanın lifti qırıldı və hadisə nəticəsində 4 nəfər xəsarət aldı.

Belə ki,  “Şərur” MTK-ya məxsus binada liftin qırılması müxtəlif müzakirələrə səbəb oldu. Bəziləri bədbəxt hadisədə MTK-nın, bəziləri isə binanı istismara yararlı hesab edən Fövqəladə Hallar Nazirliyini qınaq atəşinə tutdu. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, bu cür hadisələrin kökündə məsuliyyətsizlik dayanır:

“Bu problem məsuliyyətsizliklə bağlıdır. İstənilən şirkət, qurum hər hansı işi görürsə, bina tikirsə, yol çəkirsə, məsuliyyət daşımalıdır. Bu cür tikililərdə zəmanət olur, məsələn, yollara 30 il zəmanət var, əgər yol 30 ildən tez korlanırsa, onu çəkən şirkət bunda məsuliyyət daşıyır. Bu, həmçinin binaya, liftə, binanın həyətinə də aiddir.

Mən uzun illərdir ki, bəzi şirkətlərin məsuliyyətsizıiyi ilə bağlı müxtəlif tənqidlər səsləndirir, təkliflər verirəm. Şirkətlər bilməlidir ki, sabah hər hansı hadisə baş verərsə, bundan məsuliyyət daşıyacaqlar”.

Onun sözlərinə görə, yeni tikili binalarda bir müddət sonra problem yarandığı təqdirdə günahkar dövlət qurumları deyil,  binanı tikən şirkətdir:

“Təbii ki, dövlət qurumları bina təhvil verilməmişdən öncə gedib yoxlanış aparırlar. Sadəcə həmin anda problem olmur deyə, bunu görmür və akta qol çəkirlər. Burada problem binanı yoxlayıb aktı imzalayan qurumda – Fövqəladə Hallar Nazirliyində yox, binanı tikən şirkətdədir. Şirkət bilməlidir ki, quraşdırdığı qurğu 1-2 il sonra sıradan çıxarsa, bu, onun problemidir. Ona görə də hər kəs məsuliyyətli olmalıdır”.