“Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Məlumatlara görə rayonda yüz mindən çox mina basdırılıb. Bu baxımdan mütləqdir ki, rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır”
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“17 oktyabr prezident İlham Əliyevin sərəncamına əsasən Füzuli şəhəri günü kimi qeyd edilir. Bu şəhər də digər bölgələrimiz kimi bizim üçün olduqca vacib və strateji bir məkandır. Çox təəssüf ki, 90-cı illərdə bu rayonun da sakinləri acı tale ilə üzləşməli oldular. Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü.
Ancaq xalqımız bu məğlubiyyətlə barışmadı.
30 ilə yaxın bir müddət ərzində düşməndən qisas almaq üçün daim gücləndik. Prezident İlham Əliyevin düzgün siyasəti bizim ordumuzu dünyanın ən güclü ordusu sıralarında yer almağa imkan yaratdı. Nəticədə isə ordumuz həmvətənlərimizin qısasına alaraq işğalda olan torpaqlarımızı mənfur düşməndən təmizlədi.
Bu gün isə Füzuli cənnətə çevrilir. Proqnoza görə Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq.
Bununla yanaşı artıq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təmin edilib. Biz əminik ki, bu cür işlər hər il daha da yüksək səviyyədə və sürətlə davam etdiriləcək”.