Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq işğala məruz qalıb. Füzulinin bir hissəsinin digər rayon və kəndlərimiz kimi Ermənistan tərəfindən işğalı tariximizin acı səhifələrindən idi. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli coğrafi mövqeyinə olduqca əlverişl mövqeyəi sahibdir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, Araz çayı boyunca İranla həmsərhəd olan Füzuli Azərbaycanın ən iri yaşayış məskənlərindəndir. Rayonun əsası 1827-ci ildə qoyulub. Quruçay, Köndələnçay, Çərəkən çayları və Araz hövzəsini əhatə edən Füzuli rayonu 1959-cu ilin aprelindən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə belə adlanıb.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanın işğalına qədər Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi idi: “Füzulidə səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsi mövcud olub. Təbii ki, bu tarixi torpaqlarımızın Ermənistanın işğalında olması xalqımız üçün aci bir reallıq idi. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç vaxt işğal siyasəti ilə barışmayıb. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi tarixi Horadiz əməliyyatı ilə Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu”.
Deputat Vətən müharibəsi nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildiyini söyləyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27-i sentyabrında başlayan Vətən müharibəsində Füzulinin 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ağır döyüşlərindən idi. Keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandırdı. Azərbaycan Ordusu 44 gündə hərbi tarixində parlaq bir salnamə yaratdı”.
Millət vəkili Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalının təltif edilməsi qəhrəmanlarımıza verilən ən yüksək ali dəyər idi: “Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Füzuliyə bu gün həyat qayıdır. Ermənilərin basdırmış olduğu minaların təmizlənməsi ilə yanaşı böyük quruculuq-bərpa işləri görülür. Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələri icra olunur. 8 ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə dəyişir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə məktəb inşa olunub. Qazaxıstan prezidentinin təşəbbüsü Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi hesab edilir. Füzulidə bütün bunlarla yanaşı Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işlər uğurla icra edilir ki, bu da keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönüşünə imkan yaradır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Füzuli bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır: “Artıq füzulilərin bir qsimi öz yurd-yuvasına qayıdıb. Rayonda geniş quruculuq işləri uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurun unkişaf konsepsiyasına uyğun olaraq işlər ardıcıllıqla və proqram şəklində icra edilir. Bölgənin siması dəyişir. Füzuli artıq yerli və xarici qonaqları qarşılayır. Qarabağın hava məkanından qapısı sayılan Füzuli Beynəlxalq Aeroportu yerli qonaqlarla yanaşı xarici qonaqların, ölkə başçılarının təyyarələrini eniş etdiyi bölgə hesab edilir. Bütün bunlar onu göstərir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik əsarətindən xilas edilən Qarabağ və Şərqi Zəngəzur yeni bir inkişaf mərhələsindədir”.