Azərbaycan və Türkiyə orduları 2024-cü ildə birgə hərbi təlimlər keçirəcək.
“Yeni Gundem”-in xəbərinə görə, bu məsələ müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Bakıda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın görüşündə müzakirə olunub.
Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə olunub, bu fəaliyyətlərin daha intensiv şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.