General Zeynalovun 30-cu ili… – 73 yaşını da iş başında tamamladı…backend

Fevralın 19-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 73 yaşı tamam olub.

O, 1951-ci ildə Tovuz rayonunda anadan olub. R.Zeynalov Azərbaycan məmurları arasında postunu ən uzun müddət qoruyub-saxlamış şəxsdir. Baş İdarə rəisi 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından etibarən isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışır. Beləliklə, R.Zeynalov 30 ildir eyni posta əyləşib.

Qeyd edək ki, R.Zeynalov “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də nəzərdə tutulan son müddətdən 3 il 3 aydan artıqdır dövlət qulluğunda çalışır…

Əsasnaməyə görə, ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:

– polis general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində – 60 yaş;

– polis general-polkovniki – 65 yaşa qədər vəzifə tuta bilər.

Əsasnamədə o da qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Bundan başqa işlədiyi son 5 ildə xidməti vəzifələrini nümunəvi yerinə yetirmiş, təltif olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik, orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər.

Beləliklə, DİN sistemində Prezident tərəfindən təyin edilən şəxslər istisna olmaqla, digər əməkdaşlar tutduğu vəzifədən, rütbədən asılı olmayaraq 70 yaşdan artıq xidmət edə bilməzlər.

Ramiz Zeynalov vəzifəyə daxili işlər naziri tərəfindən təyin olunub. 2021-ci il mayın 26-da nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq onun xidmət müddətini 1 il uzadıb. Həmin müddətdən isə 3 ilə yaxın vaxt keçir…

Azpolitika.info