“Geylərin, lezbiyanların həyatı çətindir, yedikləri steykin pulunu qazanmaq üçün intim şiddət görürlər”backend

Son zamanlar cəmiyyətimizdə baş verən qətllər, intiharlar, erkən nikah kimi məsələlər çoxumuzu narahat edir. Diqqət əskikliyindən gündəmə gəlmək üçün qalmaqal yaradan məşhurlar, idmançılar,  sosial şəbəkələrdə həddindən artıq aktivlik göstərən homoseksuallar, onları yamsılamaqla özlərini isbatlamağa çalışan ərgənlər, gənclər, problemlərdən çıxış yolunu falçılarda, baxıcılarda görənlər, qadınların, yoxsa kişilərin üstün olduğunu “sübut etmək uğrunda mübarizə aparanlar” da cəmiyyətimizin üzdə görünən əsas fiqurlarındandır. Bütün bu məsələlərin fonunda Sfera.az psixoloq Əfsanə Rüstəmovadan müsahibə alıb.

Qısa ARAYIŞ:

Əfsanə Rüstəmova Süleyman qızı 1989-cu ilin 11 dekabr tarixində Füzuli rayonunda anadan olub. O, psixologiya üzrə Bakıda və İstanbulda ali təhsil alıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Praktik psixoloq” ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra ali təhsilini Marmara Psixologiya Mərkəzində davam etdirib.  Ə.Rüstəmova Türkiyədə cinsi terapiya, ailə və cütlük terapiyası, şema terapiyası üzrə ixtisaslaşıb.  Azərbaycanda isə NLP və hipnoz üzrə əlavə təhsil alıb.

Sözügedən müsahibəni təqdim edirik:

Siz əslində dəfələrlə mətbuata müxtəlif mövzularda açıqlama vermisiniz. Amma gəlin etiraf edək ki, “3 minlik “iPhone”dan danışan məşhur psixoloq” fikri loru dildə desək, üstünüzə yapışdı. Həmin çıxış, bu fikirlər sizin həm işinizdə, həm də həyatınızda hansısa dəyişikliklər yaratdımı?

– O söhbətin böyük dalğasını insanların hiss etdiyi qədər mən hiss etmədim. Bunun böyük ehtimal ki, əsas səbəbi sosial mediada olmamağımdır. Lakin dostlarımın və ailəmin dediyinə əsasən qeyd edə bilərəm ki, bu fikirlərim böyük rezonans doğurub. Deyək ki, yaranan rezonansın həcmi yüzdürsə, mən onun maksimum otuz faizini hiss etmişəm. Açığı, pasiyentlərimdən də o mövzu ilə bağlı zarafat və ya kinayə ilə nəsə deyilməsinin şahidi olmamışam. Bu məsələdən sonra yeni müraciətlər olub, amma mənim işləmə prinsipim sadəcə yönləndirmə vasitəsilədir. Şəxsi müraciətlə pasiyent qəbul etmirəm, bu səbəbdən həmin rezonans dalğası mənim üçün maddi qazanca da çevrilmədi.

Gündəmdə qalmaq istəyən bəzi şəxslər var ki, özləri qalmaqal yaradırlar. Bəs siz bu üsuldan heç istifadə etmisiniz?

–  Açığı, mən ifadə tərzimin normal kütlədən fərqləndiyini bilirəm, buna görə də az danışıram. Normalda bütün müsahibələrə “hə” desəm, onlarla görüşsəm, ölkə gündəmindəki “TOP 3”də olaram. Lakin mən ifadə tərzimin birmənalı anlaşılmadığını bildiyim üçün müsahibə, efir tərəfdarı deyiləm. Efirlərdə verilişlərə gəlmədiyimi deyib, söz atanlar olur, amma mən pedaqoqam, bu mənim birinci kimliyimdir, buna görə də mənə yaraşmayan efirlərdə və müstəvilərdə olmağı sevmirəm. Sırf məndən gündəm və reytinq üçün açıqlama almaq istəyənlərə açıq deyiləm. Kimsə sadəcə dinləyici olmağı seçsə, mən onun üçün yaxşı gündəm ola bilərəm.

Dediniz ki, işləmə prisipiniz yönləndirmə vasitəsilədir, bu proses necə baş verir və belə bir psinsipinizin olmasının əsas səbəbi nədir?

– Belə izah edim. Siz mənimlə dostluq edirsiniz və çevrənizdə kiməsə məni məsləhət görürsünüz. Lakin hər hansısa biri sadəcə mənə mesaj yazıb, konsultasiya ala bilməz. Çünki düşünürəm ki, mən əgər fayda verə bilən biriyəmsə, buna birinci öz ətrafımdan başlamalıyam, daha sonra onların ətrafı və onların ətrafının ətrafı – bu şəkildə davam etməlidir. Əgər dağınıq fayda versəm, heç steril bir mühitim olmayacaq.

Qeyd etdiniz ki, sosial mediadan çox istifadə etmirsiniz. Bunun xüsusi səbəbi varmı?

– Əslində, xüsusi səbəbi yoxdur. Bəlkə də, nə vaxtsa istifadə edəcəyəm. “Sosial media pisdir” deyə istifadə etmədiyimi demirəm. Sadəcə olaraq, mən insanlara çox izah verməyi sevməyən biriyəm. Sosial media izah verməyə məcbur edən bir platformadır. Bu da məni çox yorur. Düşünürəm ki, bu mənə hazırda lazım deyil. İnsanlar bir yerdən sonra başa düşür ki, kirli innformasiya çoxdur. İnsan psixologiyası informasiyadan çox tez təsirlənir. Əgər biz o informasiyaların hamısını özümüzünküləşdirsək, psixologiyamız çox yuyulmaqdan materialı boşalmış köynəklər kimi olacaq. Ya da ola bilər ki, mən psixoloji olaraq çox güclü insan olmadığımı düşünürəm, bu səbəbdən böyük kütlənin içində olmaq mənə çox da steril gəlmir.

Sosial mediadan çox istifadə etməsəniz də, Şəhriyar Məmmədyarovun “Qadınlar kişilərdən çox zəifdir. Onlar kişilərdən heç bir sahədə üstün deyillər. Hətta dünyanın yüz ən yaxşı şahmatçısı arasında qadın yoxdur” kimi fikirlərindən, yəqin ki, xəbəriniz var. Bu, cəmiyyətdə böyük müzakirələrə səbəb oldu. Bu məsələyə yanaşmanız necədir?

“Dünən həmin şahmatçının həyatını bir az araşdırdım. Ailənin ortancıl övladıdır. Müsahibəsində bacıları və ailə üzvləri barədə bəzi şeyləri çox vurğulayaraq danışmışdı. Bu, hardasa, özünü göstərmək cəhdi idi. Sanki o, “mən artıq elə yaşa gəlib çatmışam ki, sizdən daha yaxşıyam. Siz məni bir vaxtlar, bəlkə də, o qədər yaxşı görmürdünüz, amma mən indi hamınızdan daha yaxşıyam” demək istəyirdi. Düşünürəm ki, Şəhriyar qadınlara yox, bacılarına özünü göstərmək üçün mediadan istifadə etdi. Bu düşüncəmi özümdə saxlamışdım. Sonra bacısının dediklərini görəndə özlüyümdə düzgün müşahidə etdiyimi anladım. Bacısı da demək olar ki, eyni cümləni qurdu. Mənim yanaşmam odur ki, təbiətin bizə verdiyi üstünlüklərə görə biz özümüzü üstün görməməliyik. Məsələn, mənim gözüm rənglidirsə, mən bunu sanki özüm etmişcəsinə mütəmadi olaraq vurğulayıb, bununla öyünməməliyəm. Burada mənim heç bir rolum yoxdur.

Bəzən insanları düşündürən suallardan biri də kişinin qadından üstün olub-olmaması olur. Lakin üstünlük deyəndə nəyi nəzərdə tutduğumuz önəmlidir. Əgər fizioloji olaraq kişilərin güclü olduğunu qəbul edirsinizsə, bu, üstünlük deyil. Qadının beyninin yönəldiyi sahə ilə kişininki eyni deyil. Kişinin ibtidai funksiyası vur, qır, parçala, həyatda qal və qoru, qadında da isə evini qur, uşağını böyüt, ərini qarşıla olub. Hətta ibtidai yanaşma ilə baxsaq belə, bu məsələni müqayisə etməməli olduğumuzu görərik. Eyni yönə baxmayan iki adamı necə müqayisə edə bilərik? Bənzərliyi olmayan şeylərin müqayisələndirilməsi rasional deyil. Düşünürəm ki, rasional olmayanı müzakirə də etməməliyik”.

Xalq olaraq bizim özümüzə məxsus xarakterimiz varmı? Məsələn “ağdamlılar belədir, bakılılar belədir” və s. deyirik, ancaq  “azərbaycanlılar belədir …” deyə bilərikmi? Deyə biləriksə, bunu necə xarakterizə edə bilərsiniz?

– Mənim bu barədə təsbitim var. Bəlkə də, mənim kariyeram üçün böyük bir cümlə çıxacaq, amma düşünürəm ki, psixoloqam və psixoloji təsbit etməliyəmsə, Azərbaycanın 90 faizi Obsessiv-kompulsiv pozuntudan (OKP) əziyyət çəkir. Müqayisə üçün deyə bilərəm ki, Türkiyə ölkə olaraq anksiyete, yəni təşviş pozuntusu ölkəsidir. Bu psixoloji simptomun daşıyıcılarıyıq. Çünki ölkə infasturkturu buna imkan verir. Hamımızda gizli şəkildə bu var. Onsuz da bu tip pozğunluqlar şəxsin özünü yox, ətrafındakıları narahat edir. Çünki gündə 50 dəfə əlini yumaq, duşda 2 saat qalmaq və s. ona normal gəlir. Yalnız bu tip olmayan biri həmin şəxsi görüb, bunu aşkarlamalıdır. Azərbaycanda isə hər kəs belə olduğu üçün heç kim bir-birini yadırğamır. Yaşadığımız bölgənin psixologiyamıza təsiri böyükdür. Adicə aldığımız qoxu, eşitdiyimiz musiqi, danışdığımız səs tonu, geyindiyimiz köynəyin toxunuşu belə insana təsir edən amillərdəndir.

Azərbaycanda boşanma, erkən nikah, intihar kimi problemlər hər zaman olub, indi də var, bəlkə də olacaq. Sizcə dövlət ən çox hansı psixoloji problemə fokuslanmalıdır?

– Bu mövzular mənə çox maraqlı gəlir. Dediniz ki, “bəlkə də olacaq”, amma “olmalıdır” deyilməlidir. Məsələn, dünyadakı, ölkədəki insan balansını qorumaq üçün təbii və ya süni şəkildə ölümlər olmalıdır. Bunlar xəstəlik, münaqişə, müharibə və ya fərdi mübahisələr nəticəsində baş verir. Bu çox normaldır. Ümumiyyətlə, insan ölümlüdür. Əvvəlcə bunu qəbul etməliyik. İnsanın ölməyi bizə qeyri-adi gəlməməlidir. Biz sadəcə dua edə bilərik ki, yaxşı ölək, çünki bu, yaradılışın içində var.

Bəs necə düşünürsünüz, hazırda Azərbaycanda ən böyük problem hansıdır?

– Mənim problem anlayışım fərqlidir. Qərar verilən şeylərin problem olduğunu düşünmürəm. Mənə görə, qərar verilməyən şeylər problemdir. Məsələn, “filankəs yaxşı adamdır, onu yarı yolda qoya bilmərəm” deyirlərsə, problem budur. Yoxsa ki, “əzizim, düşünürəm ki, artıq səninlə evliliyimiz alınmır, ayrılsaq, daha yaxşı olar. Valideyn olaraq qalaq, nəinki bir-birinin ətinin didən ər-arvad” deyilməsi problem deyil. Mənim nəzərdə tutduğum problem ailələrin 60 faizindən çoxunda var. Əksəriyyət nəyinsə xatirinə nəsə edir. Düşünür ki, o mənim o vaxt cırıq corabımı tikib, mən indi onun əlini buraxa bilmərəm. Düşünürəm ki, insanlar öz travmalarını, əskik və onları narahat edən tərəflərini kəşf edəndən sonra mütləq yeni seçimlər etməlidir. Bu seçim partnyor, yaşadığı ölkə, hətta istifadə etdiyi dil ilə də bağlı ola bilər. Bu cümlə o demək deyil ki, travmamı aşkarlamışam və hamını həyatımdan çıxarıram. Sadəcə mən travmamı aşkarladım və artıq bilirəm ki, nəyi, nəyə görə etmişəm, indi də bunu dəyişmək və daha yaxşısı ilə əvəzləmək istəyirəmsə, buradakı hədəfim digər insanları da mənimlə birlikdə getmək istədiyim yerə aparmaqdır. O insan gəlmirsə, mən onu məcbur etməməliyəm. Deməli, o şəxs şüur olaraq həmin mərtəbəyə çatmayıb.

Dediyiniz kimi, bəzi insanlar nələrinsə xatirinə nəsə edirlər. Hətta xəyanəti bağışlayan, göz yuman qadınlar da var. Buna “sağlam düşüncə deyil” deyə bilərikmi?

– Yəqin ki, həmin insanların həyatdan gözləntiləri fərqlidir. O adamın həyatdan gözləntisinin içində sədaqət yoxdur. Lakin “sağlam düşüncə deyil” bu yerdə sərt cümlə olar. Çünki onda deyəcəyik ki, 3 uşağı atasız böyütmək  dahamı sağlam düşüncədir? O qadının həyatdakı gücü xəyanətə dözəcək qədərdir, amma boşanmış statusunu daşıya biləcək qədər deyil. Məsələn, mənim ayağımın gücü Bakıdan Şamaxıya qədər gəzərək getməyə imkan versə də, 20 kq yükü 50 metr daşıya bilmərəm. Hansı mənə uyğundursa, onu seçəcəyəm. Yəni boşanmış statusunu daşıya bilən biri xəyanət edəni bağışlamayacaq, amma bu status ona ağır gəlirsə, xəyanəti qəbul edəcək. Bu, iki pis arasında qalanda özünə ən uyğun pisi seçmək kimidir.

Münasibətlər də daxil olmaqla, bəzi insanlar var ki, həyatda nə istədiyini bilmir, həyatı davamlı olaraq axtarış içində keçir. Həmin insanlar nə istədiyini necə müəyyənləşdirməlidir?

– İnsan axtarışa dünyaya gəldiyi vaxtdan başlayır. Yeni doğulmuş körpənin ana südü və əlavə qida arasındakı seçim etməsini də buna misal çəkə bilərik. O ikisini də sınayır və özünə uyğun olanı seçir. Bizim ölkə isə nəyisə yoxlayıb, imtina etməyə çox da uyğun deyil. Bəlkə də, müsahibəni oxuyanlar deyəcək ki, artıq bu belə deyil. Lakin olmasa da, hələ də insanlarda xof qalıb. Düşünürlər ki, bunu atam bilsə, başımı kəsər, anam bilsə, ayaqlarımı qırar və s. Bu narahatlıqlarla biz nələrisə təcrübə edə bilmirik. Buna görə də bizə uyğun olan şeyləri tapa bilmirik. Biz əsasən maliyyə azadlığımızı təmin edəndə, yəni 25-30 yaşına gəlib çıxanda başlayırıq yoxlayıb, axtarmağa. Soruşsanız ki, bu, nə dərəcədə düzdür, deyə bilərəm ki, heç etməməkdən daha yaxşıdır. İnsan ən azından 40-50 yaşında özünü tapa bilər. Bu dünyada bircə gün yetkin insan kimi yaşamaq üçün bütün ömür boyu axtarmağa dəyər. Çox təəssüflər olsun ki, ətrafda yetkin insan görə bilmirik. Baxırsan ki, yaşı, işi, statusu, sosial həyatı, malı-mülkü, mənəviyyatı – hər şeyi var, amma adam yetkin deyil, stabil fikri yoxdur.

Bu problemin həmin insanların uşaqlıqlarını yaşaya bilməməsindən qaynaqlandığını deyə bilərikmi?

– Qəbul edirəm ki, Azərbaycanda ortalama 30-40 yaşlıların uşaqlıqları müharibəyə düşüb. Onlar yaxşı uşaqlıq yaşa bilməsə də, ömrümüzün axırına kimi bunu əlimizdə bayraq edib saxlamamalıyıq. Əksinə, düşünməliyik ki, yaxşı uşaqlıq yaşaya bilməmişəm, mənim üçün yaxşı uşaqlıq nə mənaya gəlirsə, onların hansını edə bilərəm? Məsələn, velosiped sürmək, pianinoda ifa etmək, şirin pambıq alıb yemək, çoxlu şar alıb onları havaya buraxmaq. Təbii ki, hər kəsin yaxşılıq anlayışı fərqlidir. Bunları edib, həmin ac tərəfi doyurmaq lazımdır ki, yetkinləşə bilək. Bunlar yetkin insanların etməli olduğu şeylərdir. Bilməliyik ki, çatmalı olduğumuz yer var. Keyfiyyətli həyat yaşamaq istəyirsinizsə, bunun üçün çalışmalısınız.

Çox adam xoşbəxt olmaq istəyir, amma bunun üçün heç nə etmir və ya edə bilmir. Xoşbəxt olmaq necə mümkündür?

–  Xoşbəxt olmaq istəyən şəxsin xoşbəxt də çevrəsi olmalıdır. Bəlkə də, xoşbəxt çevrə yaradaraq özümə investisiya etməliyəm. Necə ki, mənim iş prinsipim belədir. Öncə çevrənizi sağaltmalısınız ki, özünüz də sağalasınız. Xoşbəxt olmaq istəməkdə istəyim gülümsəməkdir. Dostum yanımda göz yaşı tökürsə, mən necə xoşbəxt ola bilərəm? Bu mümkün deyil. Demək ki, onu da gülümsətməliyəm. Çünki insan fayda verəndə xoşbəxt olan varlıqdır. Bu bizim DNT-mizdə var.

Axtarışlardan davam edək. Bəzi xarici ölkələrdə valideynlər tərəfindən 8-9 yaşında uşaqlara cinsi oriyentasiyasını seçmə azadlığı verilir. Bizdə bu necə tətbiq olunmalıdır?

– Cinsi terapiya üzrə mütəxəssis olduğum üçün bu suala cavab vermək məsuliyyətini ala bilərəm. Burada bir neçə məqam var. Uşağın doğulduğu cinsiyyət orqanı hormonları ilə dəstəklənirsə, yəni vaginası olan biri qadın hormonları ilə, penisi olan da kişi hormonları ilə uyğunlaşırsa, bunlar tamdırsa, bu mövzu müzakirəyə açıq deyil. Çox nadir də olsa, iki cinsi orqanla doğulan iki cinsiyyətli insanlar var. Belə olan halda, hormon səviyyəsi yoxlanılır, hansı çoxdursa, digəri ləğv edilir.

Əgər irəliləyən yaşlarda insanların cinsi istiqamətlərindən danışırıqsa, burada yenə də bu seçimdən sonrakı həyatda nə istədiyimizə baxmalıyıq. Ola bilər ki, mən qadınam, amma kişilərə marağım yoxdur, ya da tam əksi, kişiyəm və qadınlara maraq duymuram. Cinsiyyət dəyişikliyindən sonra klassik, ənənəvi ailə istəyiriksə, seçimimiz bizə bunu etməyə icazə verməyəcək. Çünki eynicinsli insanların uşaq dünyaya gətirməsi texniki olaraq mümkün deyil . Bu mərhələni bu qədər rahat danışmaq bizim cəmiyyət üçün çətin məsələdir. Çünki insanlar bunu əxlaqsızlıq təbliğ edilirmiş kimi anlayır. Biz ümumilikdə anlamalıyıq ki, yer üzündə mövcud olan insanların 70-80 faizi heteroseksual dediyimiz qadın doğulub, kişini sevirlər, kişi doğulub, qadını sevirlər. Burada heç bir oriyentasiya dəyişikliyi yoxdur. Təbiətin yaratdığı, hələ də elmin cavab tapa bilmədiyi bəzi az sayda insan qrupları var ki, onların iddialarına görə, onların hiss etdikləri hormonlarla cinsiyyət orqanları eynilik təşkil etmir. Bu halda cinsi istiqamət fərqlənir. Yəni bir şəxs vaginalı olduğu halda penisli birini istəmir,  özünü penisli hiss etdiyi üçün vaginalını seçir. Dünyada belə insanlar psixoloji və tibbi yoxlanışlardan keçirlər. Bu müddətdən sonra tibb qərar versə ki, həqiqətən də, həmin insanın iddiası doğrudur, bu halda, onlar cinsiyyətlərini dəyişir və yeni həyata davam edirlər. Bunun da cəmiyyət tərəfindən qınanıldığını düşünmürəm.

Fikrimcə, cəmiyyətin qınadığı hissə daha çox yamsılamalaradır. Biz düşünürük ki, ölkədə rahat yaşayan 10 adam varsa, onların 3-ü qeyri-stabil həyat tərzi keçirir. Yaxşı həyat yaşamağın çətin yolla yox, qeyri-stabil həyat tərzi ilə olduğunu anladığımız gün biz də belə davranmağa başlayırıq. Bunu vizualımız, səs tonumuz, danışığımızla göstərməyə çalışırıq, ancaq  bu bizim əsl şəxsiyyətimizə ziddir. Bununla da biz özümüzdən satılıq məhsul yaradırıq. Təsəvvür edin ki, mənim cinsiyyət orqanım da, hormonlarım da qadındır, amma Şəhriyar bəyin dediyini mən də həqiqət kimi qəbul edirəm və düşünürəm ki, kişilər həyatda daha çox uğur qazanır və başlayıram geyim tərzimi, hərəkətlərimi, seçimlərimi kişilərə uyğunlaşdırıram. Bir yerdən sonra psixologiyam da gerçəyi anlaya bilmir. Bu həqiqəti itirəndən sonra heç insanlar özləri də bilmir ki, “mən kiməm?”. O yamsılayan insanlar kimliklərini itirənlərdir. Hormonal olaraq balanssızlıq yoxdursa, sadəcə geylərin və lezbiyanların daha çox pul qazandıqlarını, daha asan yolla rahat həyat yaşadıqlarını düşünürək yamsılama üsuluna keçənlər təbii ki, cəmiyyəti qıcıqlandıracaq.

İnanın ki, onların həyatları göründüyü qədər asan deyil, biz onları sadəcə hansısa restoranda steyk yeyəndə görürük və düşünürük ki, bu, asan başa gəlib. Lakin o steykə gələnə qədər həyatda qorxular, narahatlıqlar yaşayırlar, cəmiyyətin qınaqları ilə üzləşirlər. Düzdür, sosial media da burada böyük rol oynayır, lakin insanlar görmək istədiyini görür. Məsələn, həmin steyki ala bilmək üçün ona lazım olan pulu qazanmaq naminə gecə yaşadığı intim münasibət zamanı ona şiddət göstəriblər. Mən həmin adamın bədənindəki göyərmələri yox, onun qabağındakı yeməyi görürəm. Onların həyatı rahat deyil. Medianın işıqlandırmasının yanlış olduğunu düşünürəm. Hətta birinin günə 10 min manat qazanmağı da rahat həyat deyil. Düzgün müqayisələndirmə aparmırıq. Həmin adamın o pulu hansı yolla, necə qazandığını da hesaba qatmaq lazımdır. Hər çağırılan yerə gedəndə yaşadıqları, görəsən, oradan sağ çıxa biləcəyəmmi, başıma nəsə gələcəkmi, ailəmi nə gözləyir kimi stressin fonunda onlar əksinə, pis həyat yaşayırlar. Aldıqları riskə dəyməyəcək həyat yaşayırlar.

Cinsi münasibət üzrə mütəxəssis olduğunuz üçün, yəqin ki, bu suala daha rahat cavab verə biləcəksiniz. Cinsi münasibət yaşayandan sonra biri-birindən soyuyanlar da, əksinə partnyoruna bağlananlar da var. Bu nə ilə əlaqədardır?

– Bu məsələ yetişdirilmə tərzindən asılıdır. Bu dəqiqə Azərbaycanda ər və arvad belə cinsəllik yaşaya bilmir. Çünki onlara cinsəllik pis, günah, qəbahətli və ayıb kimi öyrədilib. O tərbiyə şəklində böyüyən insanın “sevişmək pis şeydir, amma ərimlə sevişə bilərəm” fikrinə gəlməsi elə də asan deyil. Bizə aşılanan bu neqativ şeylərin bir “toy” ilə həmin uşaqlardan ala biləcəyimizi düşünürük. Yəni dünənə qədər pis şey idi, indi toy oldusa, sevişə bilərsiniz.

Ümumilikdə, insanların öyrənmə formaları var: görərək (vizual), eşidərək (audial) və toxunaraq (kinestetik). Kinestetiklər mütəmadi təması sevirlər, buna görə də sevişmək onları partnyorları ilə yaxınlaşdırır. Lakin bir audial üçün cinsəlliyin içində sözlər də olmalıdır. Bir vizualist üçün isə onu vizuallıq məmnun etməlidir. Partnyorlar bu cəhətdən bir-birini yaxşı tanımalıdır. O bilməlidir ki, qarşısındakı kinestetikdirsə, ona toxunmağı kifayətdir, nəsə deməsə də, olar. Lakin audialı sadəcə toxunmaq qane etmir, həm də eşitməlidir ki, oqrazma çata bilsin. İnsanlarda fərqli zövqlərin olması partnyorlar arasındakı cinsi münasibətə də öz təsirini göstərir. Bəzən müxtəlif fantaziya və istəklərə sahib olan şəxslər bunu dilə gətirməkdən çəkinirlər. Xüsusən də qadınların əksəriyyəti düşünür ki, intim münasibətdə istədiyi şeyi yoldaşına desə, ona əxlaqsız kimi baxar.

– Bu suala biz yaş qrupları üzrə baxmalıyıq. 1995-ci ildən sonra anadan olanların həyatında belə bir problem olduğunu düşünmürəm. Onlar çox rahat şəkildə istədiyi fantaziyanı istədiyi şəxslə yaşaya biləcək rahatlıqdadırlar. Hətta bu bir damğa belə olsa, onlar üçün narahatedici deyil. Bir az bu cümlə qərəzli çıxa bilər, amma sosial mediada gördüyümüz “bahalı” insanların əksəriyyətinin damğası onsuz da əxlaqsızdır. Artıq əxlaqsızlıq pislənən bir şey deyil. Ona görə də insanlar “bu pozisiyanı istəyirəm”  deyəndə ona əxlaqsız deyilsə də, bunu pis anlamayacaq. Hətta bunu kompliment kimi qəbul edəcək. Çünki indi daha çox əxlaqsız və gözəl qızlar “influencer” olurlar. Artıq bu cəmiyyətimizdə əvvəlki qədər qıcıq yaratmır. Əvvəl kiməsə “sən hansı yolun yolçususan” sualını versəydin, özünü öldürərdi, indi birinə “sən əxlaqsızlar kimi gülürsən” desən, bu, ona xoş gəlir. Artıq bəzi insanlar öz aralarında danışanda belə “əzizim, canım” yerinə həmin ifadələri işlədirlər.

Dediniz ki, artıq əxlaqsızlıq cəmiyyətdə keçmiş dövrdəki kimi qıcıq yaratmır. Bəs hazırda cəmiyyət olaraq ən çox qıcıqlandığımız məsələ nədir?

– Yəqin ki, sırf özü üçün yaşayan insanlar ətrafı qıcıqlandırır. Məsələn, 2000-ci illərdə dünyaya gələnlər özlərinə daha çox investisiya edirlər deyə 1980-lər ona baxanda qıcıqlanırlar ki, “sən necə ananı, atanı yox, özünü düşünürsən?”. Qıcıqlanmanın səbəbi böyük ehtimal dövr fərqidir. Çünki 70-80-lər özlərindən imtina edib, başqaları üçün yaşayıblar, 2000-lər isə özlərini prioritet olaraq görürlər. Əlbəttə, balans saxlanılmalıdır. Həm özümüzə, həm də cəmiyyətə faydalı olmalıyıq.

Xarici mütəxəssislər iddia edir ki, evliliyin yaşı psixoloji olaraq 40-dır. Bu fikirlə razısınızmı?

– “İnsan bir dəfə evlənməlidir” fikrini bir az yumşaltmalıyıq. İnsan bir neçə dəfə də evlənə bilər. Hətta 20-li yaşlar üçün o dövrə uyğun evlilik, sonrakı müddət üçün isə başqası olmalıdır. Ola bilər ki, sənin ilk seçdiyin adam digər dövrlərə də uyğun gəlsin. Məsələn, elə paltar var ki, onu gündəlik də geyinə bilərsən, üzərinə bir aksesuar əlavə edib, gecə geyimi kimi də istifadə edə bilərsən. Lakin buna uyğun olmayanlar da var. Əgər itirdiyin özünsənsə, ömrünü sadəcə bir insana həsr etmək yaxşı şey deyil. Ümumiyyətlə, mənim ideologiyama görə, sən varsansa, hər şey var. Sən olmasan, heç nə olmayacaq, ən azından sənin üçün…

Son vaxtlar sosial şəbəkələrdə gördüyümüz, eşitdiyimiz əsas sözlər “lovebombing”, “gaslighting”, “ghosting”dir. Bunlar da manipulyasiyanın bir növləridir, əslində. Bu davranışlar hər zaman var idisə, niyə indi gündəmə gəldi? Sosial şəbəkələrin bu kimi məsələlərin yayılmasında rolu nə qədərdir?

– İnsanları günahlandırırıq ki, “sən dedin və mənim qızımın (oğlumun) beyninə saldın”. Sənin övladının ağlında bu şey yox idisə, onsuz da olmayacaq. Media belə terminləri pompalaya bilər, biz də bunları eşidib, təsirlənə bilərik, lakin mütəmadi həyatımızda tətbiq edib-etməmək bizim öz şüurlu seçimimizdir. Biz iddia ediriksə ki, hər pompalanan fikri həyatlara tətbiq ediləcək, onda digər şeylər niyə bizə təsir etmir? Mediada oğurluq, cinayət, intihar, xəyanət, müharibə, böhran – hər şey var. Necə oldu ki bu qədər informasiya içindən sırf sevgi, sekslə bağlı danışanda bu tətbiq olundu? Deməli, həmin şəxslərin bu cəhətdən boşluğu onsuz da var. Sadəcə həmin termini eşidəndə anlayırlar ki, özlərinə uyğundur. Məsələ budur ki, insanlara həmin xüsusi terminlər maraqlı gəlir. Onlar özlərinə aid termin kəşf edəndən sonra bunu öz aksesuarları kimi təqdim etməyə başlayırlar, bunu düzəldilməli olan problem kimi görmürlər. Məsələn, insanlar bəzən deyir ki, “mən yuxudan duranda əsəbi oluram”.  Bunu kəşf etmisənsə, nə gözəl. Bəs problemi aradan qaldırmaq üçün nə etməlisən? Bunu düşünmək lazımdır. Simptomunu tapmısansa, gedib, müalicə almalısan. Yetkinlik budur. Təəssüf ki, çox adam bunu bilmir.

Onlar düşünür ki, “axı mənim anam, xalam, keçmiş sevgilim və ya yoldaşım bunu mənə deməmişdi”. İnsanlar özlərinə bənzər travmalı insanları seçib, onların yanında var olmağa çalışır ki, bu əskikliyi onlara heç kim deməsin. Ana deyir ki, mənim oğlumun yeməyi gecikəndə əsəbi olur. Əla, onda özünü idarə etməyi bacarsın. Niyə gəlini ona uyğunlaşdırmağa çalışırsan ki, yeməyini vaxtında gətirsin. De ki, oğlumun bir əskiyi var. Onu necə tərbiyə edə bilərik? Niyə gəlin vaxtında yemək bişirən olmalıdır? Zəhmət olmasa, doğduğunu tərbiyə et.

Belə məsələlərin əksəriyyəti də xəyanətə bəhanə yaradır. Xəyanət etmiş insanlardan eşitdiyimiz bəzi artıq standartlaşmış cümlələr var: “içkili idim”, “bir dəfəlik idi, mən səni sevirəm”, “bir daha olmayacaq”. Bəs xəyanət, doğrudan da, “birdəfəlik” ola bilirmi?

– Niyəsə bu halı insanların pəhrizlərini pozmasına bənzədirəm. Hamımız bilirik ki, pəhrizi bir dəfə pozan bunu mütəmadi edir. İnsanın iradəsi olmalıdır.

Yəqin ki, iradəsi olmayanlara da psixoloq lazımdır.  Bəs psixoloqun həyatımızdakı yeri nə qədər əhəmiyyətlidir?

– Psixoloqa getmək qidalanmaq kimi zəruri ehtiyacdır. Bizim psixoloqumuz həmişə həyatımızda olmalıdır. Təsəvvür edin ki, güvəndiyimiz xadiməmiz varsa, artıq biz olmadan da gəlib, qapımızı açıb, evimizi təmizləyib, gedə bilər. Psixoloq da bizim hər şeyimizin yerini bilən adam olmalıdır. Mütəmadi eyni adamın yanına gedəndə daha qısa müddətdə effektiv nəticə almaq mümkündür. Subay pasientlərim münasibətləri olanda partnyorları ilə, hətta sonra uşaqları ilə də gəlirlər. Bu periodların hamısını birlikdə keçəndə artıq həmin ailədə ola biləcəkləri hesablayıb, ona daha rahat yol xəritəsi hazırlaya bilirsən.

Deyirlər psixoloqun da psixoloqa ehtiyacı var. İşinizin çətinliyini nəzərə alsaq, bununla necə mübarizə aparırsınız? Xüsusi metodlarınız varmı? Sirr deyilsə, psixoloqa gedirsinizmi?

– Elmi yanaşmaya görə, hamının bir psixoloqa, psixoloqun isə superviziya üçün iki psixoloqa ehtiyacı var.  Bu o deməkdir ki, psixoloqların işlədiyi konsultasiyalar və mövzularla bağlı saatları olur və onlar tamamlanmalıdır ki, yeni mərhələyə keçilsin. Bununla bağlı məsləhət aldığımız müəllimlərimiz olmalıdır. Ehtiyacımız olan birinci psixoloq budur. Digəri isə psixoloqun şəxsi problemləri ilə bağlı müraciət etdiyi şəxsdir. Mən psixoloq olaraq özümdə yaranan problemi aşkarlayıb, müşahidəmdən keçirərək həll etdiyim üçün proses daha sürətli gedir. Psixoloq davamlı özünü müşahidə etməlidir.

Sualınıza gələndə isə mənim də bununla bağlı öz metodlarım var. Psixoloqların çoxu bu metodu bilir. Bir dəfə “özünüzü bir əşyaya bənzədin” adlı bir oyun keçirilmişdi. Mən də cavabımda “müşahidə kamerası” demişdim. Həqiqətən də, çox yaxşı müşahidə etməyi bacarıram. Bu hissiyatlı müşahidədir. Bu mənim özümə qarşı da var. Bir dəfə təlimdə idim. Hiss etdim ki, spiker nəsə narahatdır, amma çox professional davranırdı. Düşündüm ki, bəlkə,  səhnədə işıq onu tərlədir. Çantamdan bir paket salfet çıxarıb, ona verdim. Spiker məni qucaqlayıb təşəkkür etdi ki, “bayaqdan heç kimə işarə edə bilmirdim”. Yəqin ki, bu müşahidə bacarığım məni psixoloq edib. Düşünürəm ki, bu, uşaqlıqdan belədir. O vaxtdan valideynlərimin hərəkətlərini, hisslərini müşahidə edirdim.  Lakin hər şeyin fərqində olaraq yaşamaq da çətindir.

Əsl psixoloq necə olmalıdır?

– Mən düşünmürəm ki, sadəcə təhsil almaqla psixoloq olmaq olar. Təsəvvür edin ki, siz kimisə dinləyirsiniz, deməli, onu anlamalısınız da. Buna görə də bu sahədə işləmək üçün sizin təbiətiniz buna imkan verməlidir. Buraya şema, yəni faydalılıq və fədakarlıq düyünləri də daxildir. O düyünlər ancaq fayda verəndə şəfalanır. Buna görə də bəzi ixtisaslar fayda verən ixtisaslar adlanır. Bu siyahıya həkimlər də daxildir. Onlar özünü fəda edib, başqasını yaxşılaşdırmağa çalışır. Normalda o qədər asan və çox pul qazandıran işlər var, niyə özünü fəda edəsən ki?

Nəzərə almaq lazımdır ki, psixoloq da bir insandır və səhv insana məxsusdur. Biz həkimin də, psixoloqun da yanına gedəndə onların insan olduqlarını və səhv edə bilmə ehtimalları olduğunu nəzərə alırıq. Biz Papanın yanına getmirik ki, bizi paklasın. Psixoloqun yanına “gedim, danışım, içim rahatlasın, məni tərbiyə etsin, günahlarım bağışlansın” düşüncələri ilə getməməliyik, əgər belə ediriksə, onsuz da səhvdir. Bunun üçün məscidlər, kilsələr var. Gedin, keşişlə danışın, bu, psixoloqun işi deyil.

Son zamanlar sosial şəbəkələrdə hipnozla bağlı çox videolar görürük. Bir çırtma ilə insanlar trans vəziyyətinə keçir. Bəziləri isə sözügedən videoları lağa qoyur. Bəs hipnoz nə dərəcədə effektiv üsuldur?

– Mənim hipnozla bağlı təhsilim var, lakin klinik şəraitdə çalışmadığım və bu sahə ilə bağlı hansısa təcrübə qazanmağa özümə icazə vermədiyim üçün bunu etmirəm. Edilən barmaq hərəkətləri, insanların ürəyinin getməsi də çox normaldır. Burada öyünüləcək də bir şey yoxdur. Hipnozu bacaran adamların bunu etməsində qeyri-adi heç nə yoxdur. Bu, sadəcə bilməyənlərə qəribə gələ bilər. Əslində, bir insan hətta hipnoz edilmədən belə təslim olmağa hazır olsa, həmin adam artıq hipnoz vəziyyətindədir. Sənə təslim olan insana isə hər şey etdirə bilərsən. Bu qadın-kişi münasibətlərində də belədir. Qadınlar bəzən elə vəziyyətdə etməyəcəyi şeyləri kişi dediyinə görə edirlər, kişilər də həmçinin. Bu, eyni ruh halıdır. Sadəcə, birində mütəxəssis yanında oluruq, birində isə heç hipnozda olduğumuzun fərqində belə olmuruq. Bu barədə yaşlı insanlarla danışsaq, maraqlı cümlələr eşidə bilərik. Bəzən deyirlər ki, “filankəs oğlumun gözünü bağlamışdı”. Bunlar onsuz da həyatımızın içində var. Buradan yola çıxsaq, onda falçılar da insanları hipnoz edir?

– Həmişə pasiyentlərimə zarafatla deyirəm ki, nə vaxt pulum olmasa, ekstrasens işləyəcəyəm. Çünki dəqiq müşahidə edə bilirəm. Analiz edib, dediyim sözlər insanlara möcüzəvi gəlir. Ekstarens, falçı da bir qədər yaxşı müşahidə edə bilən adamdır. Yenə də burada hipnozda qeyd etdiyim təslim olmaq meydana çıxır. Sən onun yanına gedəndə onsuz elə halda olursan ki, o nə desə, “hə” deyəcəksən. Məsələn, qız anası ilə niyə gedir ki falçıya? Ya ərə getmək istəyir, ya yoldaşı gəzir, ya uşağı yoxdur və s. Sən sadəcə onun yaşını, anasına bağlılığını, müraciətini müşahidə edəndə məhz hansı situasiya üçün gəldiyini təxmin edə bilirsən. Əslində, biz də onu edirik, lakin onlar qədər qazanmırıq. Yenə də bunu demək məcburiyyətində hiss edirəm özümü, hər bir halda, ən azından, sığorta olsun deyə elmə təslim olmalıyıq. Elmsiz təslimiyyət hər yerə apara bilər, amma biz hər yerə getməyə hazır deyilik. Elmin aparacağı yer isə bilinəndir.

Digər yolları seçənlərə cahil deyə bilərikmi?

Onlara həm cahil, həm özünü tapmamış, həm də nəyi harada axtaracağını bilməyən deyə bilərik. Misal var ki, boğulan saman çöpündən yapışar. Falçıya və baxıcıya gedən adamlar demək ki, çox gecikmiş mərhələdədir. Daha erkən mərhələdə “ayılsa idi”, psixoloqa gedərdi. Hətta həm falçı, həm də psixoloqa eyni anda gedənlər var. Bundan bunu başa düşə bilərik ki, insanları aldatmaq çox asandır. Bizim ixtisasımız da buna çox uyğundur.  Biz çox rahat insan aldada, fikir yönləndirə bilərik. Bəzilərimiz hətta fərqində olmadan bunu edir. Bizim ixtisasa qarşı mənfi reputasiyanın və qıcığın olmasının əsas səbəbi də budur. İnsanlar fərqində olsalar, bu ixtisası çox pis yöndə istifadə edə bilərlər. Ona görə də fədakarlıq şeması olmalıdır ki, bunu faydalı istifadə edə biləsən. Yoxsa bunun sonu şarlatanlığa da gedib çıxır. Bir az mənəvi yanaşma da lazımdır deyə bilərik.

İnancdan danışmışkən, bəzi insanlar sözün gücü olduğuna da inanır, manifestlər edir və nəticə alır. Lakin bir qism insan isə istəsə də, edə bilmir. Ümumiyyətlə, enerji ilə kainatdan nəsə əldə etmək mümkündürmü? Bu, necə işləyir?

– Burada əsas məsələ bizim inanmağımızdan keçir. İki şəxs eyni şey edə bilər, lakin sadəcə inanan nəticə ala biləcək. Məsələ “mən bunu istəyirəm” demək deyil. “Mən bunun mənə gələcəyinə layiq olduğuma inanıram” deyə bilməkdir. Lakin bu, o qədər də asan deyil. Siz mənə baxanda yaxşı görə bilərsiniz, amma mən öz içimdə olan səliqəsizliyi bilirəm. Hamıda da belə qaranlıq tərəf mütləq var. Bu tərəfimiz bizi o istədiyimiz şeyə özümüzü layiq görməyə icazə vermir. Çünki biz belə öyrədilmişik ki, ancaq yaxşı insanlar yaxşı şeylərə layiqdir. Nəyəsə inanmaq çox çətindir. Düşünün ki, dünya neçə milyon ildir yaranıb, ancaq hələ də bunları müzakirə edirik. Doğru şeyə inananda da bu həyata keçir. Lakin bunun qarşılığında sən də özündən nəsə verməlisən. Məsələn, beş paltar alırsansa, qarşılığında üçünü də qarderobdan çıxarmalısan ki, balans yaransın. Dini tərəfdən yanaşsaq, buna bir növ fitrə və zəkat kimi də baxa bilərik.

İnsanların inandığı şeylər arasında bürclər də var. Hər nə qədər elmi olaraq sübut olunmasa da, dünyada kifayət qədər geniş yayılıb və bir çox məqsədlər üçün istifadə olunur. Bəs siz bu psevdoelmə – bürclərə inanırsınız?

– Ümumi konturların oxşarlığına inanıram. Lakin bunun dəqiq olaraq bürc olub-olmadığını bilmirəm. Biz deyə bilərik ki, “oxatanlar əyləncəli, qəmsiz, əhlikef, məsuliyyət götürməyi sevməyən, eyni zamanda da dünyanın ən faydalı bürcüdür”. Bəli, oxatan bürcündə olanların bir çoxunda bu xüsusiyyətlər var. Amma məhz oxatan olduğumuz üçünmü belədir, yoxsa doğulduğumuz gün, ay, il, həmin an Günəşin şüalarımı təsir edib? Bu, daha böyük elmi araşdırma tələb edir. Kiçik yox, böyük anlamda bunun bir elm olduğunu bilirəm, təsirlənməməyə çalışıram. Bürc şərhləri kimi qayğım yoxdur.

Sizə görə müalicəsi ən çətin psixoloji problem hansıdır?

– Özümüzün fərqində olmadığımız problemləri həll etmək çox çətindir. Bir şəxs özündə nəyinsə problem olduğunun fərqində deyilsə, ona bunu inandırmaq və onu müalicə etmək çətindir. Lakin bir şəxs ən ağır simptomla bunun fərqində olaraq gəlsə və desə ki, müalicə almaq istəyirəm, ona fayda vermək çox asandır. İnsanlar başa düşəndə ki, başqalarına baxanda gördükləri şey görmək istədikləri şeydir, daha gözəl baxmağı yoxlayacaqlar. İnsanlar başa düşəndə ki, danışdıqları şey, həm də onlara deyiləcək olandır, onda neqativ yerinə, müsbət ifadə üslubunu seçəcəklər. Biz böyük anlamda nəyi almaq istəyiriksə, onu da verməliyik. Buna aynalama da deyə bilərik.  Mən buna inanıram və tərəfdarıyam ki, biz göstərdiyimizi görürük.

Psixoloq olaraq yox, insan olaraq digərlərində nəyi qınayırsınız?

– Əgər bir psixoloq pasiyent qəbul edir və onun hekayəsini qınayırsa, seansa davam etməməlidir. Demək ki, psixoloqun həmin mövzuda sərt bir fikri var. Psixoloq neytral olmadığı mövzuda konsultasiya verməməlidir. Bəzən jurnalistlər videolar göndərirlər ki, fikir bildirim. Əgər həmin danışan bu mövzuda qərəzlidirsə, cavab verməməyi seçirəm. Bir psixoloq deyirsə ki, filan şey pisdir və ya yaxşıdır, yəni net bir fikri varsa, biz o psixoloqa həmin mövzu ilə getməməliyik. Çünki həmin adam nəyə inanırsa, yönəlirsə, bizi də oraya çəkəcək. Bu, yanlış yanaşmadır. Siz mənə 10-dan çox sual verdiniz, çoxu da mentalitetin qərəzli yanaşdığı mövzular idi, amma heç birində konkret fikir səsləndirmədim, neytral fikir bildirdim.

Psixoloq şəxsiyyətimi qırağa qoysam, insan olaraq da psixoloq olduğuma inanıram. Çünki sizinlə danışanda psixoloq köynəyimi geyinib oturmuram. Mən çöldə də, evdə də beləyəm, təbiətim buna icazə verir. Əgər mənim psixoloq şəxsiyyətimlə Əfsanə fərqlənsə, onda sualları cavablayanda hesablamalıyam. Ola bilər ki, qırmızıda keçən birinə deyərəm ki, “görmürsən, qırmızıdır?”. Bu sadəcə Əfsanənin özünə imkan verdiyi ərköyünlükdür. Ümumilikdə, qınadığım mövzu yoxdur və bunun üçün də çox çalışıram. Bunu etmək üçün də alternativ fikirlər öyrənməyə, çox sayda təlimlərə qoşulmağa, insanlarla ünsiyyətdə olub sərt olduğum fikri yumuşaltmağa çalışıram. Mən düşünəndə ki, hanısa mövzuda kiməsə qarşı qərəzliyəm, onun haqqında mənim fikrimi yumuşaldacaq adamlarla görüşmədən həmin adamla görüşmürəm və ya konsultasiya etmirəm. Çünki mən belə sərtliklə ona zərər verə biləcəyimin fərqindəyəm. İxtisasımın nə olduğunu bilmək məni məsuliyyət almağa məcbur edir.

Sonda oxucularımıza nə demək istərdiniz?

– İnsan birinci özünə yaxşılıq etməlidir. Bəzən biz özümüzə hansı yaxşılığı etməli olduğumuzu bilmirik. Çünki insanın özünə qarşı yox, ətrafa qarşı müşahidəsi daha netdir. Bu halda özünüzə icazə verin ki, sizi başqası müşahidə etsin və özünüzə hansı yaxşılıqlar edə biləcəyinizi aşkarlasın. Bunun üçün sizin dəyər vahidlərinizə uyğun psixloq tapmağınız çox vacibdir. Bir adamın yaxşı psixoloq, yaxşı mütəxəssis olmağı yox, sizə uyğun olmağı önəmlidir. Sizə uyğun olan psixoloqla özünüzə edəcəyiniz yaxşılıq sizə sərf etdiyiniz maddiyat və zamandan qat-qat çox şəkildə qayıdacaq. Özünüzə etdiyiniz yaxşılığı maddi və ya zaman anlamında itki kimi görməyin. Bəlkə də, siz buna layiqsiniz. Bu “bəlkə”yə özünüz qərar verəcəksiniz.