“Görülən işlər 710-dan çox ailənin yay aylarında Laçın şəhərinə yerləşməsinə imkan verəcək” – Deputatbackend

Prezident İlham Əliyevin Ağdam şəhərində 2 yaşayış məhəlləsi, inzibati bina və Muğam Mərkəzinin, Laçının Güləbird kəndinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsi və inzibati bina, məktəb, xəstəxana, habelə Xanlıq, Zilannlı və Mahruzlu kəndlərinin, Zəngilanda inzibati bina, Mərkəzi Xəstəxana və Cahangirbəyli kəndinin, Cəbrayılda Xudafərin qəsəbəsi, Şükürbəyli və Horovlu kəndlərinin təməlini qoyması dövlət başçısının iradəsi ilə Böyük Qayıdış prosesində proqnozları qabaqlandığını göstərir.

Bu fikirləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Millət vəkili açıqlayıb ki, Ağalı və Talış kimi müasir kəndlərə qayıdışın təmin olunmasının ardınca qısa müddətdə özündə 10-larla yaşayış məskənini 7 kənd, 3 şəhər məhəlləsinin, habelə aidiyyəti təhsil və səhiyyə infrastrukturu üzrə işlərin başlanması Azərbaycan dövləti mümkün olan ən intensiv, çevik və səmərəli variantı seçdiyini göstərir. Ümumiyyətlə, yaxın dövrə nəzər yetirsək, prosesin keyfiyyətli formada tezləşdirilməsinin artıq ənənə halını aldığını demək olar.

“Məsələn, plan üzrə 2023-cü ildə Laçın şəhərində 400 evin inşasını nəzərdə tutulurdusa, görülən işlər azı 710-dan çox ailənin yay aylarında Laçın şəhərinə yerləşməsinə imkan verəcək”.

O, vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması Azərbaycanın 2030-cu ilə qədərki beş milli prioritetindən biridir və cənab Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” da hazırlanmışdır.

“Ötən ilin 31 dekabrında Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də qeyd etdiyi kimi, artıq azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin, habelə 10-dan çox kəndin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir”.

B.Məhərrəmovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bu gün dünyada mina ilə ən çox çirklənmiş ərazilərdən biridir və həmin zonada təhlükəsizliyin təmininin ilk şərti əlbəttə ki, minatəmizləmə prosesinin başa çatmasıdır.

“Məlumdur ki, söhbət hansısa boş ərazidə yaşayış məskəni salınmasından yox, söhbət ilk növbədə təhlükəsiz, insan ləyaqətinin təmin olunduğu dönüşdən gedir. Qarabağ və Şərqi Zəngəzur bu gün dünyada mina ilə ən çox çirklənmiş ərazilərdən biridir və həmin zonada təhlükəsizliyin təmininin ilk şərti əlbəttə ki, minatəmizləmə prosesinin başa çatmasıdır. Eyni zamanda qayıdan insanların ləyaqətli həyat şəraitinin təmini, Böyük Qayıdışın “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanması vacib şərtdir və artıq bu il Şuşada, Ağdamda, Füzulidə məktəblər və xəstəxanalar, o cümlədən müasir dövrdə insan rifahının ən vacib elementlərinin ehtiva olunduğu, Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmış digər infrastrukturlar hazır olacaq. Yanvar ayının 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, “2023-cü il artıq Böyük qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik””,- deyə o qeyd edib.

Fərahim Rəhimov