Yeni Azərbaycan Partiyası yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya dahi Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb olub. Bu gün Yeni Azərbaycan Partiyası Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Ölkəmiz 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə suverenliyini tam bərpa etməklə özünün əsas ümummilli ideyasını reallaşdırmağa nail olduğu bütöv bir mərhələni başa çatdırıb. Cari ilin fevral ayında baş tutan Prezident seçkiləri keçilən mərhələyə yekun vurmaqla yanaşı, həm də qarşıda yeni ideyaların və çağırışların dayandığı yeni növbəti dövrün başlanğıcı oldu. Yeni Azərbaycan Partiyası Prezident seçkilərində olduğu kimi 2024-cü ilin 1 sentyabr tarixində ilk dəfə bütöv Azərbaycan ərazisində keçirilən Parlament seçkilərində də qalib gəldi. Bu seçkilər bir daha göstərdi xalq Prezident İlham Əliyevə inanır, arxalanır və dövlətimizin başçısının həyata keçirdiyi mükəmməl siyasətin ətrafında sıx birləşib. Məlum olduğu kimi bir neçə gün öncə- sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib.İclasda dövlətimizin başçısı nitq söylədi və bir sıra tarixi faktları diqqətə çatdırdı. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir
Möhtərəm Prezidentimizin məzmunlu nitqindən anlamaq olar ki, dövlətimizin güclü siyasətinin mərkəzində Azərbaycanın milli maraqları, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, dövlət sərhədimizin təhlükəsizliyinin layiqincə təmin edilməsi, gələcəyimiz olan gənclərimizin milli ruhda tərbiyə olunması və təbii ki, ölkəmizin hərtərəfli inkişafı məsələləri dayanır. Bütün bu dəyərlər ümumilikdə bizim firavan gələcəyimizi təmin edir. Yeni dövrə Yeni Azərbaycanla şüarı xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun.