Güclü strateq, qətiyyətli lider, qalib komandanbackend

Prezident İlham Əliyev bütöv Azərbaycanın qətiyyətli lideri və uğurlarının memarıdır. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı ilə bağlı ideyalarını uğurla reallaşdıran Müzəffər Ali Baş Komandan qalib ölkənin güclü strateqi olaraq şanlı tarix yazdı. Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlıların qürur duyduğu qalib Azərbaycanı dünyaya tanıtdı. 30 illik işğala son qoyan, torpaqlarımızı Ermənistan və onun havadarlarının işğalından qurtaran qətiyyətli Lider Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi, ölkədə erməni separatizminin kökünü kəsdi. Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan İlham Əliyevin prezidentliyi dövründə həm də milli qürurumuzu bərpa etdik. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz qanuni ərazilərini geri qaytarmaqla milli maraqlarını qorumaq əzmini nümayiş etdirdi.

Böyük qələbədən sonra əsas diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuğuna yönəldi. Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən torpaqlarımızda nəhəng layihələr reallaşdırmağa başladı. Bu gün azad olunan torpaqlarımızda aparılan sürətli yenidənqurma işləri və 30 ildən sonra sakinlərin öz doğma yurduna qayıdışı böyük tarixi nailiyyətdir. Bu nailiyyət Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırır. Bu gün dünyada söz sahibi olan Azərbaycan haqqı, ədaləti bərpa edən güclü, qalib ölkə olaraq tanınır. 

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu uğurla yüksəltməklə ölkəni qlobal oyunçuya çevirib. Onun strateji yanaşması Azərbaycanı regional və qlobal məsələlərdə mühüm aktor olaraq mövqeləndirib.
İlham Əliyevin rəhbərliyi təkcə siyasi qələbələrə deyil, həm də iqtisadi artımın və davamlı inkişafın dəstəklənməsinə yol açıb. Onun yürütdüyü siyasət iqtisadi tərəqqiyə təkan verdi, ölkəyə iri xarici investisiyalar cəlb etdi və ölkənin çiçəklənməsi üçün imkanlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mühüm sosial-iqtisadi uğurlara imza atdı. Hər kəsin prezidenti olan İlham Əliyev siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını hər addımda sübut etdi. Bu gün həssas təbəqədən olan vətəndaşlarımız, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar da Prezident İlham Əliyevi öz hamisi olaraq görür.
Prezident İlham Əliyevin fəaliyyəti, atdığı qətiyyətli addımlar, əldə olunan nailiyyətlər Azərbaycan xalqının rifahına xidmət edir. Dövlət başçısının bildirdiyi kimi, “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Bu gün Azərbaycan xalqı növbəti seçim qarşısındadır. Fevralın 7-də ölkəmizdə sayca 9-cu prezident seçkiləri keçiriləcək. Vətəndaşlarımız ən layiqli namizədə səs verərək Azərbaycanın taleyini növbəti 7 il müddətinə ona həvalə edəcək.
Heç şübhəsiz, son 20 ildə əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycanın davamlı tərəqqisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Şanlı Zəfər nəticəsində Xankəndidə, Şuşada dalğalanan Azərbaycanın dövlət bayrağı prezident seçkilərinin nəticələrini müəyyən edib! Azərbaycan yeni inkişaf dövrünə məhz güclü strateq, qətiyyətli lider, qalib komandan ilə qədəm qoyacaq! Tarixinin ən qüdrətli Azərbaycanı Prezident İlham Əliyev ilə bundan sonra da yeni-yeni qələbələrə imza atacaq!

Aynur Musayeva
Uşaq İnkişaf Mərkəzinin rəhbəri