“Heç bir dövlət Ukraynadan daha çox sülh istəməz” – Kulebabackend

Heç bir dövlət Ukraynadan daha çox sülh istəməz, amma nəyin bahasına olursa olsun sülh illüziyadır.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ prezidenti Co Baydenin təşkil etdiyi “Demokratiya Sammiti”ndə onlayn çıxışı zamanı bildirib.

Kuleba üzr istəyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin cəbhə xəttinə yaxın bölgələrə səfər etdiyi üçün sammitdə iştirak edə bilməyib.

“Rusiya Ukraynanı məhv etməyə çalışsa da, onun təcavüzü təkcə Ukrayna ilə bağlı deyil. Rusiya Federasiyası beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan dünya nizamını məhv etməyə çalışır. 9 ildən artıqdır ki, bizim ən yaxşı övladlarımız nəinki gələcək uğrunda mübarizə apardılar, həm də həyatları bahasına ümumi demokratik dəyərlərimizi müdafiə etdilər. Bu mübarizədə biz bütün demokratik dünyanı müdafiə edirik”, – Kuleba bildirib.

O qeyd edib ki, yalnız hərtərəfli ədalət davamlı sülhə təminat verə bilər.

“Vurğulayıram ki, Ukrayna xalqı yalnız o zaman sülh əldə edəcək ki, Rusiya təcavüzünün tam dayandırılması, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası təmin olunsun. Ukraynanın “Sülh formulu”na müharibənin başa çatması üçün bütün bu ədalətli şərtlər daxildir”, – Kuleba bildirib.

Fərahim Rəhimov