“Heç kimə və heç nəyə fikir vermədən iş görmək lazımdır” – İlyas Möhnətov (FENOMEN – MÜSAHİBƏ)backend

İlyas Möhnətov: “Biz, hər zaman biznesdə və iş həyatında özünü sınamaq istəyən şəxslərə dəstəyimizi əsirgəmirik. Vacib olan odur ki, cəmiyyətimiz və dövlətimiz üçün faydalı işlər görülsün.”

“EuroHome” ticarət və tikinti materialları mərkəzlərinin direktoru, iş adamı İlyas Möhnətovun “İslahat.az” xəbər portalının “FENOMEN” rubrikasına müsahibəsini təqdim edirik.

İlyas Möhnətov öz işi və bacarığı ilə öz dünyasını yaradaraq cəmiyyətə uğurlu, faydalı, seçilən və tarix yazan olduğu üçün “PHENOMENON AWARDS” layihəsi tərəfindən mükafatlandırılıb.

İş həyatınızda hansı yeniliklər var?

Bizim çalışdığımız sahə elədir ki, hər gün yeniliklər baş verir. Biz də çalışırıq ki, həmin yeniliklərə uyğunlaşaq. İnsanların qarşısına yeni təkliflərlə çıxaq.

İnsanlarla işləməyin mənfi və müsbət cəhətləri hansılardır?

İnsanlarla işləməyin mənfi və müsbət tərəfləri yoxdur. İnsanlarla işləmək məsuliyyətdir. Həyatda hər şey qarşılıqlıdır. İş həyatı da elədir. Doğru olan nədirsə, biz onu etməyi özümüzə borc bilirik.

Uğur yaratmaq üçün hardan başlamaq lazımdır?

Uğur yaratmaq üçün hardan başlayacağımızı düşünsək, heç nə edə bilmərik. Nə etməli olduğumuzu bilməliyik. Birinci addımı düşünmədən atmalıyıq. Növbəti addımlarımızı isə düşünərək atmalıyıq. Bunlar bir-birini tamamlayacaq. Yaxşı iş görmək üçün çoxlu risklər etməliyik və işçilərə güvənməliyik.

Sizin üçün yaxşı işçi anlayışı necədir?

Bütün rəhbərliklər işçilərindən, işçilər isə rəhbərlərindən tam razı deyil. Hər şey əla ola bilməz. İnsan faktoru varsa, problemlər də olacaq. Biz, çalışırıq ki, işçilərimizi yaxşı işçilərə çevirək. Yəni, yaxşı işçi axtarmaqdansa, etibarlı işçi axtarışındayıq. Bizim sahədə təcrübə və yenilikçi olmaq vacibdir. Bir işçinin təhsili olması müsbətdir, amma bu onun yaxşı işçi olmasının göstəricisi deyil. Yaxşı işçi məsuliyyətli və etibar olunan işçidir.

Daha çox iş daha çox pul qazanmağa səbəbdir?

Mən bunun əksini deyərdim. Daha çox pul daha çox iş qazanmağa səbəbdir. İstənilən işdə risklər var. Hər şey mükəmməl ola bilməz. Güclü hazırlanmış biznes planlarda qazancın hara qədər olduğunu bilmək olur. Həmçinin, itiriləcəklərin miqdarını müəyyən etmək olur. Vacib olan odur ki, enerjini xərcləməyi bacarasan. Enerjini xərclədikcə, qazanclar enerjini əvəzləyəcək.

Azərbaycanda biznes sahəsində hansı yeniliklərə ehtiyac var?

Ölkə başçımız, cənab Prezidentimiz İlham Əliyev tərəfindən aparılan siyasətdə hər zaman yeniliklər və təşəbbüslər bütün sahələrdə olduğu kimi, biznes sahəsində də özünü doğruldur. Bu gün Azərbaycanımız dünyada cərəyan edən bütün iqtisadi proseslərin iştirakçısıdır. Biz də çalışırıq ki, Azərbaycanımızın iqtisadi həyatına öz töhfələrimizi verək. Biznes sahəsində o yeniliklərə ehtiyac var ki, insanların istəkləri qısa müddət ərzində reallaşsın.

Biznesdə özünü sınamaq istəyən şəxslərə tövsiyyələriniz hansılardır?

Biz, hər zaman biznesdə və iş həyatında özünü sınamaq istəyən şəxslərə dəstəyimizi əsirgəmirik. Vacib olan odur ki, cəmiyyətimiz və dövlətimiz üçün faydalı işlər görülsün. Tövsiyyə vermək istəməzdim. Amma qeyd etmək istədiyim odur ki, heç kimə və heç nəyə fikir vermədən iş görmək lazımdır. Biznes həyatında nümunələr yaratmaq lazımdır. Dəstək olmaq lazımdır.

İnsanlarımıza mesajınız nədir?

Heç kimi və heç nəyi gözümüzdə böyütməyək. Görülən işləri dəyərləndirməyi bacaraq. Yaxşı işlərə dəstək olaq. Cəmiyyətimizə faydalı və dövlətimizə sədaqətli olaq. Gələcək nəsil üçün müsbət nümunələr yaradaq.

“PHENOMENON AWARDS”

Link: https://www.youtube.com/watch?v=3wyAzJrRcF8