Müğənni Xəyyam Nisanovun atası Reyhan Müslümova ilə yaxın dost olublar. Xəyyamın 11 yaşı olanda valideynləri avtomobil qəzasına düşürlər. Bu qəzada Xəyyamın atası dünyasını dəyişib. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun sözlərinə görə, müğənnilik karyerasına başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.
Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından bir oğlu, bir qızı, iki doğma qardaşı və iki doğma bacısı var.
Çoxları elə bilir ki, Reyhan xanım əməliyyat zamanı komaya düşüb. Lakin ailə üzvlərinin Kulis.az-a verdiyi məlumata görə, həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Ən gülməlisi, xəstəxanadan verilən ölüm kağızında Reyhan Müslümovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub. Beləliklə, artıq çəkidən azad olmaq istəyən müğənni 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən zaman 53 yaşında həyatını itirir.
Əməliyyata gedəcəyini oğlu və qızından başqa kimsə bilməyib.
Reyhan xanımın əməliyyatının yeganə şahidi olan həkim Ziyad Əsədov müğənninin ailəsi ilə bağlı maraqlı faktlar açıqlayarkən deyib ki, Reyhan xanım həyat yoldaşından on il əvvəl ayrılsa da, keçmiş əri xanımını itirəndən sonra onun ölümünə görə etirazını bildirib. Lakin ailə üzvlərinin məlumatına görə, Reyhan xanım həyat yoldaşından rəsmi olaraq boşanmayıb.
Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır. O, Reyhan Müslümovanın ölümündən sonra çox böyük stress və əsəb keçirir. Bir il sonra o da dünyasını dəyişir.
2004-cü ildə oğlu tərəfindən “Mən həyatda olmayanda” adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.