“Hər bir insan, fikrimcə, peşəsinə borcludur”-Ali Məhkəmənin gələcək peşəkar hakimibackend

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib. Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Birinci vitse-spiker qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra etmişdir. Birinci vitse-spiker İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.

Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev, Nurlan Həsənov, Nizami Səfərov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov çıxış ediblər. Millət vəkilləri İnam Kərimovun məsul dövlət postlarında çalışarkən öz vəzifəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər. Deputatlar İnam Kərimovun hüquq ictimaiyyətində peşəkar hüquqşünas və alim kimi nüfuz qazandığını vurğulayıblar, onun Ali Məhkəmənin hakimi kimi öz təcrübəsindən, peşəkarlığından və elmi-nəzəri biliklərindən istifadə edərək məhkəmə sisteminə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda iştirak edən İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara öz təşəkkürünü bildirib.

Onlayn iclasda deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Cəbi Quliyev, Vüqar İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı “Yeni Gundem”-ə açıqlama verən komitə üzvü ,millət vəkili Bəhruz Məhərrəmov açıqladı ki, Milli Məclis İnam Kərimovu Ali Məhkəməyə sədr yox, hakim vəzifəsinə təyin edir:

“”Məhkəmələr və hakimlər haqqında” Qanunun 93.4-cü maddəsi hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydasını müəyyən edir. Qaydaya görə, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər hakim vəzifəsinə namizədlərin seçilməsi üçün müəyyən olunan yazılı və şifahi imtahan prosedurlarından kənar, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin hakimlərini isə Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında Milli Məclis təyin edir. İnam İmdad oğlu Kərimovun da Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı məsələyə Milli Məclisdə məhz “Məhkəmələr və hakimlər haqqında” Qanunda sadalanan müddəalar rəhbər tutulmaqla baxılır.

İnam Kərimov ölkənin tanınmış və çox yüksək təhsilli hüquqşunaslarından biridir. 2002-2012-ci illlərdə Prezidentin Administrasiyasında məsləhətçi və baş məsləhətçi, 2012-2018-ci illərdə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-ci ildən isə Kənd Təsərrüfatı naziri vəzifələrində çalışmaqla 21 illik hüquq təcrübəsinə malikdir. Düzdür, mediada 2012-ci ildən etibarən onun hüquq sahəsində çalışmadığını iddia edənlər var, lakin bu mövqe qəbuledilməzdir, çünki o, hər iki mərkəzi icra hakimiyyəti orqanına rəhbərlik etməklə müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirib, əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edib və onların, habelə rəhbərlik etdiyi qurumda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirib, habelə tabeliyindəki vəzifəli şəxslərin qanunvericiliyə zidd olan qərarlarını ləğv edib, eləcə də inzibati xətalar haqqında işlərə baxaraq pozuntulara görə inzibati tənbeh müəyyənləşdirmək səlahiyyətlərinə malik olub.

Bütün bunlar təbii ki, istisnasız olaraq hüquqi prosedurlardır və ixtisasını da nəzərə alsaq, deməli inzibati orqana rəhbərlik etdiyi dövr İnam Kərimov üçün hüquq sahəsində iş təcrübəsidir. Bu mənada qeyd olunan istiqamətdə hər hansı mübahisəyə lüzum yoxdur.

İnam Kərimovdan gözləntilərə gəlincə, o cənab İlham Əliyevin islahatlarla bağlı iradəsini ən çevik və səmərəli icra edən vəzifəli şəxslərdən biridir. Cənab Prezidentin tövsiyələrini rəhbər tutmaqla o, “ASAN xidmət” təcrübəsi ilə şəffaflıq və əhalinin məmnunluğunu ehtiva edən çox uğurlu sistem qurub. Bir çox sahələrdə bürokratik əngəllər məhz “ASAN” təcrübəsi ilə aşılıb. Eyni zamanda “Asan Xidmət” Azərbaycan brendi və məhsulu kimi beynəlxalq aləmdə də yüksək qiymətləndirilib, bu təcrübəyə çoxsaylı müraciətlər var. Həmçinin İnam Kərimov Kənd Təsərrüfatı naziri kimi də rəqəmsallaşma, elektron xidmətləri uğurla tətbiq etməklə bu sahədə ciddi şəffaflığa nail olub. Yəni cənab Prezidentin islahat kursunun uğurlu məzunu kimi, onun Ali Məhkəmədə səmərəli fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşmağa əsas yoxdur. Nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi cənab İlham Əliyev məhkəmə hüquq islahatlarının dərinləşməsində qərarlıdır, bu mənada məhz cənab Kərimovun əvvəlki təcrübəsinin faydalı olacağını proqnozlaşdırmaq çətin deyil. Lakin, bir məqamı unutmamalıyıq ki, Milli Məclis İnam Kərimovu Ali Məhkəməyə sədr yox, hakim vəzifəsinə təyin edir. Əlbəttə, təyinat baş tutarsa “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsinə müvafiq olaraq onun da kassasiya instansiyasının hər bir hakimi kimi Ali Məhkəməyə sədr təyin olunmaq hüququ yaranacaq. Lakin, bu məsələ Parlamentin nə səlahiyyətində, nə də müzakirəsində olmayan məsələdir”,- deyə o qeyd edib.

Fərahim Rəhimov