Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı ilə əlaqədar Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq.
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var. Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Ləman Abbasova,
Nəsimi rayon Təhsil işçisi