“İlk növbədə onu qeyd edim ki, dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Bu məlumatları nəinki sosial şəbəkələrdə, ümumiyyətlə hər hansı bir yerdə yaymaq qanunla qadağandır”. Bu sözləri açıqlamasında hüquqşünas Vüqar Tumasov deyib.
Onun sözlərinə görə, “Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır: “Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar”.
Hüquqşünas sözlərinə davam edərək bildirib ki, dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 284-cü (dövlət sirrini yayma) maddələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsinə uyğun məsuliyyətə cəlb olunurlar. Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir vətəndaşının rolu vacibdir”.SİA