Hərbi xidmətlə bağlı YENİ XƏBƏR- YENİ QANUN MÜZAKİRƏ OLUNURbackend

Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək dünya təcrübəsində mövcuddur. Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçirilməsini təklif edirəm.

Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Bu prosesin tətbiq olunması Azərbaycan ordusunda nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında danışıb.

“Bu təcrübə Türkiyədə mövcuddur. Qardaş ölkədə belə bir təcrübə mövcuddur ki, hər hansısa bir şəxs orduda xidmət etmək istəmirsə, dövlətə ödənilən müəyyən bir məbləğ müqabilində qısa bir zaman ərzində hərbi təlimlərdə iştirak edir və geri dönür. Türkiyədə buna bədəlli əsgərlik deyilir. Düşünürəm ki, bu təklifi həmin modelə uyğun olaraq irəli sürüblər. Lakin biz Azərbaycanda tam fərqli bir mənzərənin şahidi oluruq”.

Ekspert bildirib ki, hazırda Azərbaycanda bu məsələ daha radikal hal almağa başlayıb.

“Əvvəllər səfərbərlik xidmətləri mövcud idi və xidmətə getmək istəməyən şəxslər qeyri-qanuni yolla pul verərək “neqodnı” yəni, “yararsızdır” hərbi bileti alırdılar. Bununla da bir çox insan hərbi xidmətdən yayınırdı. Bunun da qarşısını almaq üçün Sosial Müdafiə Nazirliyinin tərkibində əlavə komissiya yaradıldı və artıq “neqodnı” adı alan şəxsləri həmin qurum bir daha müayinə edəcək. Əslində, hazırki vəziyyətə nəzər saldıqda görürük ki, dövlət çağırışçıların hərbi xidmətdən, ordu sıralarından yayınmaması üçün daha maraqlıdır”.

Səxavət Məmməd qeyd edib ki, Azərbahcan və Ermənistan arasında hələ də sülh müqaviləsinin bağlanmaması bu məsələnin mümkünlük səviyyəsini azaldır.

“Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb vəb bağlanma ehtimalı da çox aşağı görünür. Çünki axırıncı dəfə sülh müqaviləsi ilə bağlı danışıqlar, təmaslar ötən ilin iyul ayında baş tutub. Bu da mövzuyla bağlı ümidsizliyi artırır. Rəsmilərin də dediyinə görə, sülhün olub olmayacağı qəti şəkildə deyilə bilməz. Üstəlik, Ermənistanda silahlanma prosesləri davam edir, eyni zamanda bütün dünyada da münaqişə ocaqlarının artdığını da biz müşahidə edirik. Hətta bəzi şəxslərin üçüncü dünya müharibəsi proqnozları da var. Bütün bunlara görə, hesab etmirəm ki, Azərbaycan bu xətti tutsun”.

Ekspert deyib ki, müharibədən əvvəl Azərbaycanda 4 ordu korpusu və 1 əlahiddə ümumi qoşun mövcud idi. Faktiki olaraq, hazırda ölkədə 5 ordu korpusu və 1 əlahiddə qoşun mövcuddur.

“Qoşun sayının artması o deməkdir ki, bu korpusların hər biri tam ştata uyğun olaraq dolmalıdır. Buna görə də, indiki məqamda bütün bu sadaladıqlarım, regionda, dünyada baş verənlər fonunda bu məsələnin sadəcə bir təklif olaraq da qalacağını düşünürəm”. Fidan Vəlisoy