Hesablama Palatasına siyasi partiyaları audit etməsinə dair səlahiyyət verilməsi təklif olunub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA-ya müsahibəsində deyib ki, ali audit orqanı fəaliyyət göstərdiyi mühitdə baş verən çağırışlara daim adekvat reaksiya verməlidir.
Vüqar Gülməmmədov qeyd edib ki, bu reaksiyanın verilməsi bəzi hallarda qanunvericilik bazasında yenilikləri də tələb edir. Bu baxımdan Hesablama Palatası tərəfindən 2023-cü ildə “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb: “Təkliflərimizi mahiyyət etibarı ilə dövlət maliyyəsinin idarəedilməsinə nəzarətin təkmilləşdirilməsi və uyğunlaşdırma və redaktə xarakterli təkliflər olmaqla 2 istiqamətdə qruplaşdıra bilərik.
Əhəmiyyətli hesab edilə biləcək dəyişikliklər arasında büdcə sisteminin vacib komponenti olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin auditi və bu büdcəyə rəy verilməsi məsələlərinin dəqiqləşdirilməsini, dövlət vəsaitindən istifadə edən nəzarət obyektlərinin siyahısının genişləndirilməsini, məsələn, icmal büdcənin tərkib elementi olmayan məqsədli dövlət fondlarının, siyasi partiyaların audit edilməsi ilə əlaqədar mandatımızın yaranması ilə bağlı təklifləri xüsusi qeyd edə bilərəm”.