“Rusiyaya gedib İqor Krutoyla (prodüser- musiqiçi- red.) görüşdüm. Bir il ərzində 4 sinql, 2 klip və PR üçün 1 milyon dollar istədilər. Şərt qoydular ki, Faiq Ağayev adından imtina etməlisən. Türkiyədə yarım il PR, 5 mahnı və 3 klip üçün isə 1 milyon avro istədilər”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında qonaq olarkən deyib. Müğənni xarici şou-biznesə qatılmaq istəyindən, həmkarlarının Türkiyədə gördüyü işlərə toxunub:
“Bizim müğənnilər bir çox Türkiyə ifaçılarından yaxşı oxuyurlar. Lakin istədiklərini oradan ala bilmirlər. Aygün Kazımova və Röya Ayxan sənət baxımından gözəl iş görüblər. Di gəl ki, o şou-biznesin hissəsi olmayıblar. Necə ki, Azərbaycanın brilliant ifaçılarıdır. Şərait elə yaranmayıb ki, oranı sahiblənsinlər.
F. Ağayev ad çəkmədən həmkarı ilə illərdir davam edən küsülülüyü barədə danışaraq Xalq artisti Brilliant Dadaşovaya eyham vurub: “Heç vaxt kişiyə belə söyüşlə müraciət etməmişəm. İradım varsa, kübarcasına deyərəm, söyüşdən yeddi qat pis təsir bağışlayar. Amma o insan söyüşün birini bir qəpikdən söyləyirsə, məcbur qalıb cavab verirsən. Qadın olan şəxs ən tərbiyəsiz küçə insanı kimi söyüş söyürsə, məcbur qalıb bəzi hallarda cavab verməlisən. Məsələ 1998-ci ildə olub. O zaman 27 yaşım var idi. O vaxt etdiyimə haqq qazandırıram, indi eləməzdim. İndi “tfu sənin tərbiyənə” deyib gedərdim. Küsülülüyün bir səbəbi o olub. Bir də ki, qısqanclıq… Necə yəni, bütün toyu apardığı qiymətə mən yarım saat çıxış edirəm? Hər aşiqin bir dövranı var”.
Məşhur müğənni daha sonra illərdir qalmaqal yaşadığı, hətta məhkəməlik olduğu Xalq artisti Flora Kərimova barədə də danışıb: “Bizim aramızda 32 il fərq var. Yaşını, ağbirçəkliyini, böyük sənətini sevərək davam edirəm. Darıxmışıq, mahnılar yazdırsın. Allahın lütfi üzərində, səsi yerindədir. Flora Kərimovanın ifaları Azərbaycan xalqına lazımdır. O, çox zəngin sənət baqajı olan insandır. Bizim aramızda çox səmimi münasibət olub. Mən Bakıda olmayanda ailəmə, atama zəng vurub danışırdı. Heç mənə demədən… Baxın, mən onu qoruyub saxlayıram. Ondan o yana keçmək istəmirəm.
Faiq Ağayev üç dəfə kliniki ölüm keçirdiyini də etiraf edib: “Həyatımda 3 dəfə kliniki ölüm keçirmişəm. Yalta müsabiqəsinə bir gün qalmış dənizə girmişdik. Anidən suya batdım. Çıxardılar, oyanandan sonra həkim demişdi ki, siz ölmüsüz. Komadan ayılanda anam yanımda idi. Deməli vaxtı imiş. Ölümdən qorxmuram, üç dəfə ölmüşəm də. Bir dəfə dadını çıxarmısan deyə bilirsən ki, necədir”.