“Qarabağ” son dövrlər rəqibləri qarşısında zəif nəticə göstərir. Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Ayaks” qarşılaşması da “atlılar”ın iki qırmızı kartla cəzalanması, 0:3 hesablı məğlubiyyəti ilə yadda qalıb. Təbii olaraq bu, azarkeşlərin narazılığına, müxtəlif müzakirələrə yol açıb. Hətta matç başa çatdıqdan sonra sosial mediada baş məşqçi Qurban Qurbanovun istefası da tələb olunub.
Maraqlıdır, “Qarabağ” uğursuzluq, məğlubiyyət sindromundan niyə qurtula bilmir? “Atlılar” harada, nədə yanlışlığa yol verirlər? Qurban Qurbanovun istefası bütün məsələləri həll edəcəkmi? Çıxış yolu nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçi Kənan Məstəliyev bildirib ki, “Qarabağ”ın enişdə olduğu dəqiqdir.
O, öz fikrini bu cür əsaslandırıb: “Dinamo Zaqreb”lə Çempionlar Liqasının pley-off mərhələsinin matçından bu günə qədər davam edən uğursuzluq zolağı bitmir. Komandanın məğlubiyyəti ağır və böyük hesabla başa çatdığından bu məsələ çox geniş rezonans doğurur. Bu, normaldır. Biz “Qarabağ”dan daha fərqli nəticələr gözləyirik və gözləməkdə də haqlıyıq. Çünki “Qarabağ” nəticələrinə görə Azərbaycan futbol tarixinin güclü komandasıdır və bizi həmişə qələbələrə sevindirib”.
K.Məstəliyevin sözlərinə görə, komandanın enişdə olmasının səbəblərindən biri ümumi yorğunluqdur: “Komanda 11 ildir ki, fasiləsiz qrup mərhələsində oynayır. Eyni zamanda komandada nəsil dəyişmə prosesi gedir. Bəzi futbolçuların, məsələn Abdullah Zubirin yaşı çoxdur deyə, əvvəlki performansı göstərə bilmir. Bu oyunçuların əvvəlki həvəsi, gücü yoxdur. Bu səbəbdən onların yerini başqaları tutmalıdır. Lakin hələlik alternativ olmadığından, dəyişiklik də yoxdur. Bəzi futbolçuların performanslarında eniş olur və səhvlərə yol verir”.
İdman şərhçisi vurğulayıb ki, dünənki qarşılaşmada Julio Rodrigues Romaonun, əvvəlki qarşılaşmada isə Kevin Medinanın və digərlərinin oyunu yaxşı təsir bağışlamayıb: “Qarabağ” fərdi səhvlərə görə bu cür məğlubiyyətlər yaşayır. “Dinamo Zaqreb”i bir kənara qoysaq, “Tottenhem”lə matçda Olavio Juninyo və digər oyunçular əldə olan imkanlardan yararlana bilməyiblər. Əminliklə söyləyə bilərəm ki, dünən baş tutan oyunda Romao qırmızı vərəqə almasaydı biz “Ayaks”dan azı bir xal alacaqdıq. İlk 15 dəqiqədə nümayiş olunan performans göstərdi ki, “Qarabağ” rəqibi yenəcək gücdədir. Bəli, rəqib adlı-sanlı və çox güclüdür, amma “Qarabağ” zəif deyildir. Mən bu məğlubiyyətləri sırf yorğunluq, nəsil dəyişmə prosesi, oyuna köklənmə problemi və oyunçuların fərdi səhvlərinə bağlayıram”.
K.Məstəliyevin sözlərinə görə, Qurban Qurbanovun istefasını tələb edənlərin futboldan yaxından-uzaqdan əlaqələri yoxdur: “Bunu iddia etmək ən böyük ağılsızlıqdır. Onu tənqid etmək olar, müəyyən səhvlərinə istiqamət vermək olar, lakin bu qədər uğurların memarının istefasını istəmək bacarıqsızlıqdır”.