NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında NATO ölkələrinin Ukraynaya çoxillik strateji yardım proqramının hazırlanmasına başlamaq barədə razılığa gəldiklərini açıqlayıb.
Alyansın rəhbəri Ukraynanın gələcəyi Avro-Atlantik məkanla bağlı olduğunu söyləyib.
O vurğulayıb ki, Ukrayna silahlarının NATO standartlarına uyğunlaşdırılmasına kömək edəcəklər.
“Yeni Gundem” mövzunu Politoloq Kənan Novruzov ilə müzakirə etdi.
Politoloq K.Novruzov NATO Baş katibinin sözügedən açıqlamasını şərh edərkən bildirdi ki, Alyans rəhbərinin həmin sözləri onu deməyə əsas verir ki, NATO uzunmüddətli müharibəyə hazırlaşır.
“Müharibənin yaxın vaxtlarda başa çatacağı proqnozlaşdırılsaydı belə bir açıqlama verilməzdi. Əlbəttə bu o demək deyil ki, müharibə daha iki davam edəcək. Döyüşlərin aktiv fazası başa çata bilər. Lakin gərginlik qalacaq”,- o dedi.
K.Novruzov hesab edir ki, müharibə Rusiya və Ukraynanın parçalanmaması ilə başa çatarsa, gələcəkdə NATO yenidən Ukrayna xalqından istifadə edərək Kremlə təzyiq göstərə bilər.
“Stoltenberq bundan əvvəl də oxşar açıqlamalar verib. Alyans rəhbəri bildirib ki, biz nəyin ki, Ukraynanı hətta Moldova və Gürcüstana da dəstək verməyə başlayacağıq. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə yaxın vaxtlarda başa çatmayacaq. Əksinə miqyası genişlənəcək”,- o vurğuladı.
İkinci cəbhənin açılması haqqında fikirlərini bildirən K.Novruzov düşünür ki, Stoltenberqin dediyi fikirlər reallaşarsa ikinci cəbhənin açılması da gerçəkliyə çevriləcək.
“İkinci cəbhənin açılması məsələsi də gündəmdədir. Düşünürəm ki, gələcəkdə bu da mümkündür. NATO sözügedən ölkələrin təhlükəsizliyini təmin etmək adı ilə yeni cəbhəni açmağa nail ola bilər. Bəlkə də indiki şəraitdə Putin və Zelenski sülh müqaviləsini imzalamağa hazırdır. Ancaq iplər NATO-nun əlindədir. Finlandiyanın NATO-ya üzvlüyü də əslində Rusiyanın qıcıqlandırılmasına yönəlib. Çünki Kreml Alyansın genişlənməsinə qarşıdır. Bütün bunların yekunu olaraq deyə bilərik ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Müharibənin taleyi Rusiya və Ukraynadan deyil, NATO-dan aslıdır. Rusiya yanlış hesablamalar nəticəsində Ukrayna ərazilərində bataqlığa gedib.Türkiyə rəhbərliyi və ölkənin rəsmiləri müharibənin ilk həftələrindən bəri deyirdilər ki, müharibədə qazanan tərəf olmayacaq. Xeyli müddət keçəndən sonra həqiqətən görürük ki, müharibənin uğurlu tərəfi yoxdur”,- deyə o qeyd edib.
Fərahim Rəhimov