İkinci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi misilsiz qəhrəmanlıqbackend

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etməsi ilə SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. Azərbaycan hərbi əməliyyatlar meydanına çevrilməsə də, əvvəldən axıradək bu müharibədə fəal iştirak edib. Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan resursları faşizmə qarşı müharibəyə səfərbər olunub. Bu il İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 78-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular.   170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü


1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk diviziyası», 271-ci diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya «Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

İkinci Dünya müharibəsindən SSRİ-nin qalib çıxmasında, bu qələbənin əldə edilməsində Azərbaycan xalqının arxa cəbhədəki fəaliyyətinin də böyük rolu olub. Qazanılmış qələbədə Azərbaycanın payı yalnız cəbhəyə neft və neft məhsulları göndərilməsi, azərbaycanlıların döyüşlərdə şücaətlə vuruşması ilə kifayətlənmir. Qeyd etmək lazımdır ki, müharibə illərində Azərbaycanda 130 növ silah və hərbi sursat hazırlanırdı, o cümlədən, məşhur “Katyuşa” raketi, “YAK-3” qırıcı təyyarələri burada yığılırdı. Bakıda yeni avtomobil zavodunun əsası qoyulmuşdu. Respublikamızda 70 hərbi hospital fəaliyyət göstərirdi.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.Ulu Öndər Heydər Əliyev  demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.

Fehruzzadə Xatirə Qurban qızı Nəsimi rayonu 111 saylı tam orta məktəbin tarix müəllimi.