Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov III və IV kurs tələbələri ilə görüşüb, onların təklif və iradlarını dinləyib.
Aİİ rektoru öncə tələbələrə tövsiyələrini verib, onları dərslərdə daha fəal olmağa səsləyib. Bildirib ki, savadlı kadr olduğunuz təqdirdə, işlərinizdə daha çox uğur qazanacaqsınız: “Ölkədə yeganə tam ödənişsiz təhsil verən ali təhsil müəssisəsində tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb. Çalışın, yaradılan şəraitdən maksimum yararlanasınız. Gələcəkdə ilahiyyat sahəsi üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, təsis edilən peşə hazırlığı, ərəb dili kurslarında, eyni zamanda, dərslərdə hədis, əqaid, təfsir və digər islam elmləri ilə əlaqədar oxunan klassik mətnlərin tərcüməsində fəal iştirak edin”.
Rektor daha sonra tələbələrin təkliflərini dinləyib, səsləndirilən məsələlərin həlli üçün İnstitut heyəti olaraq çalışacaqlarını söyləyib. A.Şirinov daha sonra vurğulayıb ki, Aİİ-də tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil prosesinin təkmilləşdirilməsi, müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” qutusu mövcuddur. Bu qutu vasitəsilə təhsilalanlar öz fikirlərini çatdıra bilərlər.