İlahiyyat İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib – FOTObackend

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda 2021/2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili müzakirə olunub.

İclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) -dən “Yeni Gündəm”ə verilən məlumata görə, Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, yay imtahan sessiyasının yekunları ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, 2021/2022-ci tədris ili üzrə hər iki semestrin dərsləri və imtahanlar uğurla həyata keçirilib. Xüsusilə pandemiya dövründən sonra dərslərin ənənəvi qaydada təşkili və imtahanların da uğurla keçməsini diqqətə çatdırıb.

İnstitut rəhbəri daha sonra bildirib ki, tələbələrin dərslərdə və imtahanlarda fəal iştirakı tədrisin daha yaxşı təşkilinə, həmçinin mənimsənilməsinə şərait yaradıb.

Ali təhsil müəssisəsinin rektoru təhsilalanlar üçün nəzərdə tutulan ödənişsiz ərəb və ingilis dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin önəmini xüsusi vurğulayıb. Eyni zamanda, klassik ərəbcə kursunun açılmasının vacibliyini vurğulayıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə, Aİİ kitabxanasının fəaliyyətinə də toxunub və İnstitutun xarici əlaqələri, imzalanmış protokollar barədə məlumat verib.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, yay imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən danışıb. Yaz semestri yay imtahan sessiyasının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib. Dekan həmçinin Aİİ-nin builki bakalavr pilləsi üzrə məzunların müvəffəqiyyət göstəricilərinə də toxunub.

İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva yaz semestri ərzində tədrisin təşkili, qarşıya çıxan problemlər barədə danışıb.

Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistrant və doktorantların elmi konfranslarda iştirakına toxunaraq, magistratura pilləsinə qəbulla bağlı məlumat verib.

Daha sonra Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov və Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov çıxış edərək, cari dövr ərzində olan hesabatlarını təqdim ediblər.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.