Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının doqquzuncu sayı dərc edilib.
Jurnalın məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə dərc olunan jurnalın yeni sayında 9 məqalə yer alıb. Din psixologiyası, təfsir, fəlsəfə, İslam hüququ, tarix və multikulturalizmə dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilmişdir. Jurnalda Azərbaycan, türk və ingilis dillərində məqalələr dərc olunmuşdur. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.
Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir.
Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.