İncəsənət Gimnaziyasının şagirdləri Ana dili Gününü belə qeyd edib – FOTObackend

Bu gün Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 1C sinif şagirdləri “Beynəlxalq Ana dili Günü” ilə əlaqədar Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirilib.

Kitabxanada keçirilən tədbirdə şagirdlər Ana dili gününə aid şeirlər söyləyib, mahnı səsləndiriblər.

İlkin olaraq Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə şagirdlər əyani olaraq tanış olublar.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Ana dilinin insan həyatında ilk dil olduğunu, gündəlik həyatda tədricən lüğətimizi, düşüncə və ifadə tərzimizi meydana gətirəcək ilk sözlər olduğunu qeyd etdi: “Dil uşaqların inkişafı üçün o qədər vacibdir ki, 2000-ci ildən bəri hər il 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Uşaq ədəbiyyatının təbliği sahəsində aidiyyəti sahə ilə məşğul olanlar müxtəlif istiqamətli layihələrin həyata keçirilməsinə başlayıb. Uşaq ədəbiyyatı ən həssas sahələrdən olduğu üçün ona diqqət, qayğı tələb olunur. Yazıçı, şair yazır, ancaq onların yazdıqlarının uşaqlara çatdırılması daha vacib məslələlərdən biridir”.

Azərbaycan Respublikasının əməkdar müəllimi Əzimzadə Yaqut Mustafa qızı uşaqların bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirdi. O, sözə Firidun Bəy Köçərlinin fikirləri ilə başladı: “Ana südü bədənimizin mayası olduğu kimi, Ana dilimiz də ruhumuzun qidasıdır.

 


Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur”.

Tədbirdə 1C sinif şagirdləri Ana dili ilə bağlı şeirlər ifa edib, musiqi səsləndirdilər. Sonda isə bu kimi tədbirlərin silsiləli şəkildə

keçiriləcəyi, uşaqların Ana dili ilə tanışlığından sonra mütəmadi olaraq kitabxanaya üz tutmaları ilə bağlı tövsiyələr verildi.