Bu gün Azərbaycan güclü bir ölkə kimi, dünyada öz inkişafı və nüfuzu ilə tanınır. Sülhsevər Azərbaycan dövləti, hər zaman humanizmi və ədaləti ilə seçilib. Ermənistan hakimiyyəti bütün beynəlxalq normaları, danışıqları pozaraq, əsrlər boyu türklərlə apardıqları münaqişənin sülh yolu ilə həllinə öz məkirli davranışı və siyasəti ilə bu gün də xələl gətirir.
Azərbaycan tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də var. Bunlardan biri 31 mart- Azərbaycanlıların Soyqırımı Günüdür.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Ülviyyə Həmzəyeva deyib.
Milli Məclisin deputatı Ü.Həmzəyevanın sözlərinə görə, Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.
“Bu günün xatirəsinə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilməklə əbədiləşir.
Biz başımıza gətirilən müsibətləri unutmamalı və gələcək nəsillərə bu dəhşətləri unutdurmamalıyıq!
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”- o dedi.
Millət vəkilinin fikrincə, Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
“”Mart qırğınları” günlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi ling etmişlər. Bəzi zamanlar güllə ilə vurmamış, onları süngü, balta və.s küt alətlərlə əzablar içində ölümə sürükləmişlər.
Həmçinin Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqatların davamı səbəbindən erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Təsdiqlənib ki, 120 kəndin 86-sının erməni təcavüzünə məruz qalmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Quba qırğınları zamanı isə şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunub. Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahlardan da istifadə etməyiblər. Aşkarlanan materiallardan göründüyü kimi, qətlə olunmuş insanların kəllə və digər sümüklərində bir daha vurğulamaq istəyirəm ki, güllə izi yoxdur. Onların hamısı küt alətlərlə, vəhşicəsinə öldürülmüşdür. Quldurlar, balta ilə insanları kəllə nahiyəsindən vurub, sonra isə xəncərdən keçirərək, başları bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar belə aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi…..isə, vəhşiliyin hüdudlarının olmadığının göstəricisidir. Xüsusi qəddarlıqla öldürülən insanlar, canilər tərəfindən su arxlarına, quyulara doldurularaq torpaqla örtülürdü.
Quba şəhərindəki soyqırımı memorial kompleksi. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlandı və 1918-ci illərdə Ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir:
“1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakı’da, Quba qəzasında, Şamaxı’da, Qusar’da, İrəvan’da, Naxçıvan’da, Zəngəzur’da, Qarabağ’da, Lənkəran’da, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Qeyd etmək lazımdır ki, Kütləvi məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi.
Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı şanlı zəfəri ilə tarixi ədaləti bərpa etdi. Narahat ruhlarımız öz dədə-baba yurdlarında rahatlıq tapdı. Qəhrəman övladlarımızın- Şəhidlərimizin qanını yerdə qoymadı Azərbaycan əsgəri!
Azərbaycan Respublikasının Prezidenti demişdir : “Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Xalqımız tarixən başına gətirilən bütün müsibətləri sözsüz ki, unutmur. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələrə obyektiv qiymət vermə çağırır”.
Allah soyqırımlarda həyatını itirən bütün insanlara rəhmət eləsin. Ruhları şad olsun!”- deyə o qeyd etdi.
Fərahim Rəhimov