İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ-dən “Yeni Gündəm”-ə bildirilib ki, rektor Aqil Şirinov qonağa institutun fəaliyyəti və hədəfləri, burada tədris olunan ixtisaslar barədə məlumat verib. Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu deyən A.Şirinov diqqətə çatdırıb ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.
İnstitut rəhbəri daha sonra Azərbaycanda mövcud dini vəziyyət haqqında söz açıb. Vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırlar.
A.Şirinov, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər və Quba rayonunun “Qırmızı qəsəbə”sində yaşayan dağ yəhudiləri haqqında ətraflı danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanda mövcud ənənələrin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi daşıyır.
İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu bildirib. O deyib ki, Azərbaycana multikultural və tolerant mühitlə yaxından tanış olmaq məqsədilə səfər edib.