İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundubackend

İnterpol xətti ilə tutularaq Azərbaycana təhvil verilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, H.Kaltayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Kaltayevin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb. O, Cinayət Məcəlləsinin 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham olunub.

Kaltayev 2015-ci ildə idarə etdiyi VAZ-2104 markalı avtomobillə ağır qəza törədib, həmin qəzada iki nəfər həyatını itirib. Bu hadisəyə görə ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Həbsdən azad edildikdən sonra H.Kaltayev ölkədən çıxaraq Suriyadakı silahlı birləşmələrə qoşulub. H.Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qafqazinfo