“Postmüharibə dövründə müharibə iştirakçısı olan şəxslər sadə və mürəkkəb “Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkirlər. Təəssüf ki, yaxın günlərdə iki qazimiz intihar etdi. Azərbaycanda postmüharibə dövrü zamanı psixologiyanın fəaliyyətində real metod və nümunəyə ehtiyac var”.
Bunu Lent.az-a açıqlamasında psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov bildirib.
Qeyd edək ki, qazi Vüsal Musayev və Yunis Mənsurovun intihar etməsi cəmiyyətdə müəyyən narahatlıq və narazılıqlara səbəb oldu. İndi çoxlarını düşündürən odur ki, müharibə işitrakçısı olmuş şəxsləri bu faciələrdən necə qorumalıyıq. Onlarda yaranan müxtəlif psixoloji vərdişlər aradan qaldırıla bilərmi?
Rövşən Nəcəfovun fikrincə bu məsələ ilə bağlı mərkəzləşmiş fəaliyyətlər formalaşmalıdır ki, pərakəndəlik yaranmasın:
“Psixoloqlar, psixiatrlar və digər aidiyyatı olan sahələrin mütəxəssisləri bu tip mərkəzlərə cəlb olunmalıdı. Müharibə iştirakçısı ifadəsini işlədəndə təkcə hərbçilər deyil, həmçinin, şəhid ailələri, maddi və mənəvi itki yaşamış mülki şəxslər də nəzərdə tutulur. Faciələrin formasından asılı olmayaraq insanların psixoloji gərginlikləri uzun müddət onları müşayiət edir. Patoloji hallar zaman keçdikcə formasını dəyişərək aqressivləşir. Hər iki halda şəxsin və ya şəxslərin psixoloji konsultasiyaya ehtiyacı var. Həm fərdi qaydada, həm də qrup şəklində psixoterapiyanın aparılması vacibdi.”
Psixoloq qeyd edir ki, postmüharibə sindromu zamanı travma almış insanda özünü günahlandırma və özünə qapanma halları olur:
“Bu insanlar öz patoloji halını başqası ilə bölüşməkdən qorxurlar və zamanla keçəcəyini düşünürlər. Yaşamağa həvəsləri ölür. Pozitiv düşüncədən özlərini məhrum edir, bundan başqa, psixoloji gərginliklərin yaratdığı yuxusuzluqdan əziyyət çəkirlər. Depressiyanın aqressiv mərhələsi olan dərin depressiyanın yaranması intihar fikrini insanda formalaşdırır. Psixoloji qıcıqlanma intihar fikrini artıq reallıqla əvəzləyir. İnsanların sinir böhranları yaşamaması üçün peşəkar və effektiv psixoloji metodlara ehtiyacı var. Fərdi qaydada yanaşsaq, şəxsiyyət testləri və emosional davranışların müşahidəsi ilə ilkin psixodiaqnostik mərhələni başlatmaq olar. Şəxsin tərəf kimi çıxış etməsi üçün düzgün ünsiyyətin qurulması və şifahi müsahibənin aparılması əsas fəaliyyət meyarıdır.”
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində noyabr ayından başlayaraq postmüharibə sindromunun aradan qalxması üçün psixoloji dəstək qrupları fəaliyyət göstərir. Bununla bağlı qaynar xəttimizə (Qaynar xətt: 050-406-75-85) olan müraciətlər qeydə alınır.”
Bu fikirləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.
Nazirlik rəsmisi qaynar xəttə 600-dən çox müraciət olunduğunu, qrup üzvlərinin Bakı şəhəri və bölgələrdə 2400 dən çox ailə ilə görüşdüyünü bildirir:
“Müharibənin təsirindən zərər çəkmiş şəxslər, şəhid ailələri, qazilər, eyni zamanda erməni terrorundan əziyyət çəkən mülki şəxslərə peşəkar psixoloq və psixiatrlar tərəfindən onlayn və ya qrup halında psixoloji dəstək verilir. Pandemiya səbəbi ilə zəruri hal yaranmadığı təqdirdə, bu cür görüşlər daha çox onlayn rejimdə həyata keçirilir.
Nigar Adil – “Lent.az”
“Yeni Gündəm”