İordaniyalı səfir: İordaniya mədəniyyəti, mətbəxi, eləcə də folklor rəqsləri Azərbaycan ilə çox oxşardır – MÜSAHİBƏbackend

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşeh iki ölkə arasında turizm, mədəni, iqtisadi əlaqələr, bu və digər məsələlər ilə bağlı “Yeni Gündəm”-in suallarını cavablandırıb:

– Cənab səfir, ilk öncə Azərbaycan və İordaniya arasında mədəni əlaqələrin inkişafı ilə bağlı hansı işlərin görülməsindən söz açmağınızı istərdik.

– Bildiyiniz kimi “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi. Sərgidə azərbaycanlı uşaqların 80-ə yaxın rəsm əsəri iştirak etdi. Mən azərbaycanlı uşaqlarən necə peşəkar, istedadlı və kreativ olduğunu gördüm.

Gələcəkdə buna bənzər sərgilərin daha çox keçirilməsini nəzərədə tuturuq. Məqsədimiz İordaniya mədəniyyətini Azərbaycan xalqı ilə tanış etməkdir. Təbii ki, bütün bunlar iki qardaş ölkə arasında olan mədəni əlaqələrin daha da genişlənməsinə vəsilə olacaq.

Yaxın gələcəkdə isə Azərbaycanda keçirilən tədbirlərin birində İordaniya Haşimilər Krallığından olan folklor rəqs qruplarının iştirakı nəzərdə tutulub.
Necə ki, ötən ay Azərbaycan Dövlət Rəqs Ansamblı İordaniyanın qədim Ceraş şəhərində keçirilən 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında iştirak etmişdi.

– Azərbaycandan İordaniyaya gedənlərin sayı çoxdurmu?

– Ümumilikdə İordaniyaya nə qədər azərbaycanlının getdiyi haqda statistik məlumat olmasa da deyə bilərəm ki, ötən illə müqayisədə daha çox insan gedir. Məlum olduğu kimi ötən il pandemiya ilə əlaqədar olaraq sərt qadağalar var idi. Lakin bu il qadağalar müəyyən qədər aradan qaldırıldığı üçün gediş-gəliş də artmağa başlayıb.

Ümid edirik ki, bu il və gələcəkdə iki ölkə arasında turizm əlaqələri daha da inkişaf edəcək.
Həmçinin tezliklə qarşıda Bakı-Amman birbaşa uçuş reysinin açılmasına nail olacağımıza inanırıq. Ümumiyyətlə isə, ümid edirəm ki, tezliklə pandemiyadan əvvəlki həyatımıza geri dönəcəyik.

– Bəs iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı hansı yeniliklər var?

– Təkcə mədəni, iqtisadi deyil, çalışırıq ki,
iki ölkə arasında bütün sahələrdə  münasibətləri daha yüksək səviyyəyə  qaldıraq.
Sırf iqtisadi əlaqələrə gəldikdə isə, çalışırıq ki, İordaniya məhsulları Azərbaycana, Azərbaycan məhsulları isə İordaniyaya çıxarılsın. Ümid edirik ki, yaxın gələcəkdə tezliklə buna nail olacağıq.

– Çox maraqlıdır ki, İordaniya mədəniyyəti, mətbəxi, eləcə də folklor rəqsləri Azərbaycan ilə çox oxşardır. Hətta insanları görkəmcə bir-birinə çox bənzəyir.

Deyərdim ki, cənab səfir, siz özünüz də azərbaycanlılara bənzəyirsiniz. Bu oxşarlıqların qaynağı nədir?

– Bəli, İordaniya insanları azərbaycanlılara çox bənzəyir. Əlbəttə ki, adət-ənənələrdə müəyyən fərqliliklər var, amma daha çox oxşardır. Həmçinin folklor rəqslərimiz, rəqs geyimlərimizdə də oxşarlıqlar çoxdur”.

Yenigundem.az