İpoteka ödənişlərini mənimsəyən “Kapital Bank”ın əməkdaşı yenidən məhkəmə qarşısındabackend

Bakıda ipoteka vəsaitlərini mənimsəməkdə təqsirli bilinən sabiq bank əməkdaşı Cahandar Əmrahlının barəsindəki hökmdən kassasiya şikayəti verilib.

“Yeni Gundem”-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 27-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Cahandar Əmrahlıya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin, istintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.