İran və Azərbaycan qonşu dövlətlərdirlər və onlar arasında tarixi bağlar mövcuddur – Deputatbackend

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə normal münasibətlərin qurulması mühüm yer tutur. Respublikamızın qonşu dövlətlərlə birgə reallaşdırdığı enerji və nəqliyyat layihələri hazırda regional və qlobal əməkdaşığa mühüm töhfələr verir. Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istifadəyə verilməsi elektrik enerjisi istehsalı və suvarma məqsədlərində çatmaqda böyük infrastruktur obyekti hesab edilə bilər.

”Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan və İranın dövlət sərhədində – Araz çayı üzərində mühüm infrastruktur obyektlərinin inşası ikitərəfli münasibətlərin xoş mərama əsaslanmasından xəbər verir:

“İran və Azərbaycan qonşu dövlətlərdirlər və onlar arasında tarixi bağlar mövcuddur. Qonşu dövlətlər müxtəlif istiqamətlərdə birgə layihələr icra edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Belə ki, bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. İndiyə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Hazırda Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq”.

Millət vəkilinin sözlərinə görə, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb:

“Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. Bəhs olunan hidroqovşaqların layihələri keçmiş Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Hidroqovşaqların layihələri ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən işlənib və ona bir sıra əlavələr edilib. Bununla belə, infrastruktur obyektlərinin inşası Ermənistanın Azərbaycana qarşı apardığı və təxminən otuz il davam edən işğalıçılıq siyasəti nəticəsində ləngiyib”.

Fatma Yıldırım qeyd edib ki, işğal faktına baxmayaraq Azərbaycan hidroqovşaqların tikintisi ilə bağlı siyasi iradədən heç vaxt geri çəkilməyib:

“Prezident İlham Əliyev 11 iyul 2016 tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Həmin Saziş 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı parlaq Qələbə sayəsində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa edilməsinə nail oldu, o cümlədən işğal illərində Ermənistanın nəzarətində qalmış İranla dövlət sərhədlərinə çıxdı. Bundan sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. ““Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dividentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək. Layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq”.