Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb. Müsahibə mərhələsi 27-29 iyul 2022-ci il tarixdə keçirilib.
Qeyd edək ki, İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsinin keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları yoxlanılır.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.
Məlumat üçün bildirək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə TƏBİB-in tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərib.